Niyə insanlar ən çox sevdiklərinə qarşı sərt olurlar?

Tarix: 21:37 20.05.2025
İnsanlar çox zaman yadlara qarşı səbirli, təmkinli və nəzakətli davranırlar. Söhbət yaxın çevrələrindən getdikdə isə nədənsə vəziyyət dəyişir. Ailə üzvlərinə, dostlara və sevdiklərinə qarşı daha sərt və tənqidi ola bilirlər.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, insanların daha çox yaxınlarına qarşı sərt davranmasının bir neçə səbəbi mövcuddur:
“Bunun bir neçə səbəbi var. İnsanlar sevdiklərinə qarşı özlərini daha rahat, daha yaxın hiss etdiklərinə görə düşünürlər ki, sevdikləri insanlarla istədikləri kimi, sərbəst şəkildə davrana bilərlər. Biz düşünürük ki, onsuz da sevdiklərimiz bizi tərk etməyəcəklər, bizdən uzaqlaşmayacaqlar. Ona görə də onlarla istədiyimiz kimi, istədiyimiz formada ünsiyyət qura biləcəyimizi zənn edirik. Bir növ, özümüzü onların yanında rahat hiss etdiyimiz üçün, onların bizi tərk etməyəcəyini düşündüyümüzə görə sərbəst davranırıq.
Bundan başqa, əgər böyüdüyümüz ailə mühitində sərtlik modeli müşahidə etmişiksə — məsələn, ata və ana arasında qarşılıqlı incitməyə əsaslanan ünsiyyət tərzi varsa və ya bizi böyüdən şəxslər bizə qarşı sərt davranıblarsa — bu zaman biz düşünürük ki, insanın sevdikləri əslində onu incidənlərdir. Bu fikir şüuraltımıza yeriyir və biz elə bilirik ki, sevdiklərimizi incitmək haqqımızdır. Nəticədə isə bizə dəyər verən və bizim dəyər verdiyimiz insanları rahat şəkildə incidə bilirik.
Bəzi insanlar isə elə bir mühitdə böyüyüblər ki, düşüncə tərzlərini sərt şəkildə ifadə etməyə alışmış olurlar. Onlar istəmədən də olsa, sərt reaksiya verirlər".
Psixoloq əlavə edib ki, bu kimi hallarda sevdiklərimizlə aramızda məsafələr yaranır:
“Təbii ki, belə olduqda münasibətlərdə uzaqlaşma baş verir. Qırğınlar yaranır və biz, istər-istəməz, ətrafımızdakı insanlarla — yəni sevdiklərimizlə — sərt davranışımıza görə aramıza bir məsafə salırıq. Emosional bağlar qopur. Bundan əlavə, inamsızlıq formalaşır. Qarşımızdakı insan bizə daim sərt və kobud davrandığına görə ona qarşı — kim olmasından asılı olmayaraq — istər-istəməz inamsızlıq yaranır. Bu da o deməkdir ki, biz artıq həmin insanla düşüncələrimizi bölüşmürük və onunla məsafə saxlamağa başlayırıq.
Ünsiyyət tərzimiz sərtlik üzərində qurulmamalıdır. Əvvəlcə öz ünsiyyət tərzimizin fərqinə varmalıyıq. Qarşımızdakı insana “mən beləyəm, sərtəm, məni belə qəbul et” deməkdənsə, onu dəyər verdiyimiz biri kimi qəbul edib, davranışlarımızı da buna uyğun dəyişməliyik. Bu dəyişiklik necə olmalıdır? Qarşımızdakı insana fikrimizi açıq və aydın şəkildə bildirməliyik. Məsələn, “bu cür davranmağın mənə yaxşı təsir etmədi, özümü pis hiss etdim” deyə bilərik. Sərtlik əvəzinə fikrimizi düzgün ifadə etməyi öyrənməliyik.
Sonra isə qarşımızdakı insanı dinləməyi və anlamağı, onun da düşüncələrinin və duyğularının olduğunu unutmamalıyıq. Bundan başqa, belə insanlar müxtəlif fəaliyyətlərlə məşğul ola bilərlər. Psixoloji seanslara qatıla, meditasiya, yoqa və yürüyüşlərlə məşğul ola bilərlər. Özlərinin, bədənlərinin və düşüncələrinin fərqinə varmağa çalışmalıdırlar. Yaxud da sevdikləri fəaliyyətlərlə məşğul olub, özlərini kəşf etməyə çalışa bilərlər.
Əgər sərt davranışlar artıq vərdiş halını alıbsa, mütləq şəkildə bir mütəxəssisə müraciət olunmalıdır. Çünki “mən beləyəm” anlayışı doğru deyil. “Mən sənə qarşı beləyəm” anlayışı var. Öz üzərimizdə çalışdıqca bacarmayacağımız, aşa bilməyəcəyimiz heç bir maneə yoxdur".
Lalə Qurbanlı