İş həyatının psixoloji yükü: Yanma sindromu

Bölmə: Sosial › ,
Tarix: 21:26 20.05.2025

Tükənmişlik sindromu, başqa adı ilə yanma sindrom  — işçilər arasında müşahidə edilən yorğunluq, xəyal qırıqlığı və işdən soyuma ilə xarakterizə olunan bir vəziyyəti təsvir etmək üçün ortaya çıxıb.

 

Məsələ ilə bağlı psixiatr Azər Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki, yanma sindromu xroniki yorğunluğun başqa bir adıdır:

 

“Burnout sindromu konkret olaraq insanın çox məşğul olduğu bir işlə əlaqəli olur. Ona görə də həmin şəxs təkcə işin adı çəkiləndə belə özünü son dərəcə yorğun və təşviş içində hiss edir. Diqqət funksiyaları zəifləyir, işdən yayınmağa çalışır. Bunun başlıca səbəbi işin artıq ona həzz verməməsidir. İş saatları mütləq şəkildə müəyyən olunmalıdır.

 

Bəzən elə hallar olur ki, bütün işlər yalnız bir əməkdaşın üzərinə düşür. Bu zaman “multitasking” – yəni bir neçə işi eyni anda görmək prosesi baş verir ki, bu da həm burnout sindromunun, həm də xroniki yorğunluğun əsas səbəblərindən biridir.

 

Bu səbəbdən iş mühitində işçinin psixoloji sağlamlığı və motivasiyası diqqətdə saxlanılmalıdır. İnsan öz iş yerində özünü rahat hiss etməli, orada mehriban, anlayışlı və dəstəkləyici bir mühit olmalıdır – yəni anlaşıldığı və dinlənildiyi bir mühit.

 

Burnout sindromu psixoterapiya ilə müalicə oluna bilər. Lakin stress faktoru aradan qaldırılmadıqda və şəxs yenidən eyni mühitdə qaldıqda, bu vəziyyət təkrarlana bilər.

 

Mütləq şəkildə həm reabilitasiya, həm də işlə əlaqəli psixoterapiya çərçivəsində şəxsin özünü inkişaf etdirməsinə yönəlik proqramlar həyata keçirilməlidir. Bu proqramlar şəxsin şəxsiyyət quruluşu üzərində işləməyə kömək etməlidir".

 

Çimnaz Telmanqızı