Sosial refleksiya: Mənlik obrazı başqalarının baxışında necə formalaşır?

Tarix: 21:52 20.05.2025
İnsan özünü yalnız güzgüdə deyil, başqalarının reaksiyalarında da tanıyır. Sosial refleksiya anlayışı fərdin özünüdərkini başqalarının onu necə qəbul etdiyinə əsaslanaraq formalaşdırdığını izah edir. Bu proses mənlik obrazının sabit deyil, sosial münasibətlər çərçivəsində dəyişən və dinamik bir struktur olduğunu göstərir.
Bu mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, şəxsiyyətin formalaşmasında ətraf mühitin təsiri böyükdür:
“Biz sosial refleksiya deyəndə — yəni kənar fikirlərə verdiyimiz önəm və onların bizim davranışlarımıza, şəxsiyyətimizə təsiri — bu, ön plana çıxır. Əlbəttə, bizim sosial qınağımız olmalıdır — həm özümüzə qarşı, həm də digərlərinə qarşı. Çünki sosial qınaq bizim özümüzü formalaşdırır və bizi insanların, ətrafın gözündə müəyyən bir mövqeyə gətirir.
Amma bəzən insanlar bu fikrə həddindən artıq önəm verirlər və nəticədə öz dəyərlərini unudurlar. Əlbəttə, hər şey öz yerində və zamanında gözəldir. Məsələn, əgər mən sosial refleksiya anlayışını tətbiq edirəmsə və bir neçə adamın fikrini nəzərə alıramsa, verdiyim dəyərə də baxmalıyam: həmin insanların fikrini nə dərəcədə əsaslı hesab edirəm və onların mənim həyatımdakı rolu nədir?
Burada məsələyə bir az psixoloji yanaşma göstərmək lazımdır. Axı bütün insanlar bizə söylədiklərini həqiqətən bizim xeyrimizə demirlər. Bəzən bu fikirlər tənqid xarakteri daşısa da, konstruktiv olmaya bilər. Ona görə də əvvəlcə öz şəxsiyyətimizi tam olaraq tanımalı və formalaşdırmalıyıq. Daha sonra isə kənardan gələn — yəni sosial refleksiyaya əsaslanan — fikirlərə hansı dərəcədə önəm verəcəyimizi müəyyənləşdirməliyik. Baxmalıyıq ki, hansı davranışımız cəmiyyət tərəfindən necə qarşılanıb və buna əsaslanaraq digər davranışlarımızı tənzimləyə bilərik.
Mən düşünürəm ki, bu proses şəxsiyyətin sabitliyinə təsir göstərə bilər. Əgər şəxsiyyətin özgüvənində problem yaranarsa, o zaman insan daha dəyişkən və qeyri-sabit olur. Belə hallarda kənar fikirlər onun şəxsiyyətinə və daxili sabitliyinə daha asan təsir göstərə bilir".
Nigar Həsənzadə