Gizli Depressiya: Gülüşün Arxasındakı Səssiz Savaş

Tarix: 23:03 20.05.2025
Gizli depressiya — zahirdə hər şey qaydasında kimi görünsə də, insanın daxilində yaşadığı emosional çöküntü vəziyyətidir. Bu vəziyyətdə olan insanlar gündəlik həyatlarını davam etdirə bilər, digərləri tərəfindən pozitiv və funksional görünə bilər, amma daxilən dərin bir sıxıntı, ümidsizlik və yorğunluq hiss edirlər. Gizli depressiya açıq simptomlarla özünü göstərmədiyi üçün tez-tez nəzərdən qaçırılır və vaxtında müalicə olunmur. Bu isə zamanla daha ağır psixoloji fəsadlara yol aça bilər.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov "İnformator.az"a açıqlamasında bildirib ki, gizli depressiya adından da göründüyü kimi gizlidir. Bu depressiyada müəyyən insani funksiyalar fəaliyyət göstərə bilər, amma dərinlikdə bir çöküntü başlayır:
"Açıq depressiyada göz yaşları, otağa çəkilmək, heç yerə çıxmamaq, həyat eşqini itirmək kimi hallar müşahidə edilir. Amma gizli depressiya daha təhlükəlidir. Çünki adından da göründüyü kimi, gizlidir. Açıq depressiyada insan özü bu vəziyyətdən əziyyət çəkdiyini hiss edir və bunu ifadə edə bilir. Amma gizli depressiyada insanın bu problemi olduğunu özü də dərk etməyə bilər. Kənardan baxanda həmin insanlar, hətta YouTube platformasında bununla bağlı videolar da var, son günə kimi deyib-gülür, sosial şəbəkələrdə pozitiv videolar və fotoşəkillər paylaşırlar, amma qəfil intihar edirlər. Fərq məhz buradadır. O insanlar gülür, işləyir, aktiv görünür, amma daxilən bir boşluq, mənasızlıq, tez-tez əsəb, yorğunluq və həyatdan zövq ala bilməmə hissi ilə yaşayırlar. Bəzən özləri belə bunu tam anlamırlar.
Yüngül emosional eniş-çıxışlar zamanı bu depressiya öz-özünə də keçə bilər. Amma bu vəziyyət həftələrlə, aylarla davam edirsə və ən əsası insanın həyat keyfiyyətini azaldırsa, bu zaman psixoloji dəstək almaq vacibdir. Psixoloqa getmək cəmiyyətimizin bəzi düşüncələrinə zidd olaraq zəiflik əlaməti deyil. Əksinə, insanın özünə və ruhuna verdiyi dəyərin göstəricisidir. Dəstək almadan da müəyyən irəliləyişlər mümkündür. Məsələn, idmanla məşğul olmaq, sosiallaşmaq, sağlam qidalanma və düzgün yuxu rejimi insan psixikasına yaxşı təsir göstərir. Lakin daha dərin səbəblər — uşaqlıq və gənclik travmaları, dəyərsizlik hissi, qorxu, nifrət, utanc və s. halların kökündən həll olunmaması bu vəziyyətlərin təkrar qayıtmasına səbəb olur. Təkbaşına bu yolda irəliləmək mümkündür, lakin daha uzun zaman alır. Peşəkar psixoloqla bu yolu qısaltmaq və həyat keyfiyyətini yüksəltmək mümkündür".
Ekspert, həmçinin gizli depressiyanın bəzi göstəricilərini də qeyd edib:
"Gizli depressiyanın əlamətlərinə nəzər salsaq — daimi yorğunluq (yuxusunu alsa belə sanki tam yatmayıbmış kimi hiss etmək), hər şeydən tez bezmək, əvvəllər zövq aldığı fəaliyyətlərə marağını itirmək, sosiallaşmaqdan qaçmaq, özünə qarşı sərt və tənqidi yanaşmaq, yuxu və qidalanma rejimində ciddi dəyişikliklər, bəzən ciddi məsələləri zarafata çevirmək və ən əsası içdə dərin bir mənasızlıq hissi bu vəziyyətin göstəricilərindəndir".
Nəzrin Məmmədova