“Freelance (sərbəst iş) iş modeli: gənclər üçün fürsət, yoxsa risk?”

Bölmə: Sosial › ,
Tarix: 22:24 21.05.2025

Rəqəmsal texnologiyanın inkişafı ilə sərbəst (freelance) iş modeli son illərdə geniş yayılıb. Xüsusilə gənclər arasında bu iş forması populyarlıq qazanır: evdən işləmək, sərbəst vaxt bölgüsü və bir neçə layihə ilə eyni anda işləmək imkanı cəlbedici görünür. Amma bu modelin daimi gəlir olmaması, hüquqi qorunmasızlıq və iş rejiminin qeyri-sabitliyi kimi çatışmazlıqları da var.

 

 

 Mövzu ilə bağlı açıqlamasında texnoloq Elvin Həsənov “İnformator.az”a bildirib ki, ənənəvi iş münasibətlərindən fərqli olaraq bu model gənclərə lokasiyadan asılı olmayaraq işləmək, müxtəlif beynəlxalq layihələrdə iştirak etmək və öz karyeralarını daha elastik şəkildə qurmaq imkanı verir:

 

 

“Xüsusilə texnologiya, dizayn, proqramlaşdırma, rəqəmsal marketinq və s. kimi sahələrdə freelance məşğulluğu geniş yayılıb. Bu modelin əmək bazarına təsiri həm pozitiv, həm də çətinliklərlə müşayiət olunur. Pozitiv tərəfi odur ki, gənclər artıq yalnız yerli iş imkanları ilə kifayətlənmirlər, qlobal müştərilərlə işləyərək həm təcrübə, həm də gəlir əldə edə bilirlər. Lakin bu model klassik iş yerlərində insan resurslarına olan tələbatı azaldır və rəqabəti artırır. Eyni zamanda, işəgötürənlər üçün daimi işçi saxlamaqdan daha sərfəli freelance əməkdaşlıq modelləri önə çıxır”.

 

Ekspert qeyd edir ki, bu modelin bir sıra çətinlikləri də var:

 

 “Ən böyük risklərdən biri odur ki, çox vaxt freelancerlərlə rəsmi müqavilə bağlanmır. Nəticədə ödənişin verilməməsi və ya işin şərtlərinin birtərəfli dəyişdirilməsi kimi hallarla qarşılaşmaq olur. Bundan əlavə, sosial təminat – yəni pensiya, xəstəlik zamanı əmək haqqı, rəsmi iş stajı kimi hüquqlar təmin olunmur.

 

Düşünürəm ki, gənclərin bu sahəyə yönəlməsi iş dünyasında yeni yanaşmaların formalaşmasına səbəb olur. Onlar daha çox çeviklik, innovasiya və fərdi inkişaf imkanları axtarırlar. Lakin bu sahədə uğurlu olmaq üçün həm texniki bacarıqlar, həm də özünüidarəetmə, müştəri ilə ünsiyyət və məsuliyyət kimi yumşaq bacarıqlar mütləqdir”.

 

 

Xəlilli Nigar