Britaniya Çinlə əlaqələrinə görə yanğın siqnalizasiyası sistemi istehsalçısına məhdudiyyət tətbiq edib

Tarix: 19:54 23.05.2025
Böyük Britaniya hökuməti milli təhlükəsizlik səbəbindən Çin şirkətləri ilə əlaqəsi olan Britaniyanın yanğın siqnalizasiya sistemi istehsalçısına məhdudiyyətlər tətbiq edib.
"İnformator.az" xəbər verir ki, bu barədə cümə günü “Teleqraf” qəzeti məlumat yayıb.
“Britaniyanın yanğın siqnalizasiyası istehsal edən kiçik biznesinin Çinin dövlət şirkəti tərəfindən alınmasından sonra milli təhlükəsizlik səbəbindən onun fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib”, - məqalədə deyilir.
Nəşr qeyd edir ki, Britaniyanın Kent qraflığında yerləşən “FireBlitz Extinguisher” şirkəti baş ofisi Pekində yerləşən “Jade Bird” şirkətinə məxsus olan Kanadanın “Maple Armor” şirkəti tərəfindən alınıb. Bildirilir ki, Pekin Universiteti “Jade Bird” şirkətinin ən böyük səhmdarıdır.
Məhdudiyyətlərə məruz qalan “FireBlitz Extinguisher”in özü isə məhsullarını Böyük Britaniyanın müxtəlif dövlət qurumlarına tədarük edir.