Zelenski: Biz məhbus mübadiləsinin şənbə və bazar günləri davam edəcəyini gözləyirik

Bölmə: Dünya › ,
Tarix: 21:12 23.05.2025

Ukrayna prezidenti Vladimir Zelenski İstanbul sülh danışıqları çərçivəsində Rusiya ilə əldə olunan razılaşmaya əsasən bu gün 390 məhbusun dəyişdirildiyini xatırladıb və məhbus mübadiləsinin şənbə və bazar günləri də davam edəcəyini gözlədiklərini bildirib.

 

Zelenski Telegram hesabında verdiyi açıqlamada İstanbul Sülh Danışıqları çərçivəsində Rusiya tərəfi ilə əldə olunan razılaşmaya əsasən, “1000 məhbusun 1000 nəfərə dəyişdirilməsi” prosesinin başladığını bildirib və bunları qeyd edib:

 

"1000-ə 1000 məhbus mübadiləsi müqaviləsinin birinci hissəsi həyata keçirilib. Türkiyədə keçirilən toplantıda bu razılaşma əldə olunub və bunun tam şəkildə həyata keçirilməsi vacibdir. Bu gün 390 məhbus dəyişdirilib. Əsir mübadiləsinin şənbə və bazar günləri də davam edəcəyini gözləyirik".

 

Zelenski, məhbus mübadiləsində əməyi olan hər kəsə təşəkkür edərək, bütün ukraynalı məhbusların evlərinə qaytarılması üçün çalışmağa davam edəcəklərini vurğulayaraq, "Bu cür addımların atılması üçün diplomatik işimizi davam etdirək",- ifadələrdən istifadə etdi.

 

Rusiya Müdafiə Nazirliyi, İstanbul Sülh Danışıqlarında Ukrayna ilə əldə edilən əsir mübadiləsi razılaşması çərçivəsində 270 əsgər və 120 mülki məhbusun dəyişdirildiyini açıqlayıb.

 

Nazirlikdən verilən açıqlamada, məhbus mübadiləsinin ötən həftə İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna arasında aparılan danışıqlarda əldə olunan razılaşma əsasında həyata keçirildiyi bildirilib.

 

Rusiya ilə Ukrayna arasında danışıqlar ötən həftə Türkiyənin ev sahibliyi ilə İstanbuldakı Dolmabahçe Rəyasət Heyətində keçirilib.

 

Danışıqlar zamanı iki ölkənin dövlət başçılarının birbaşa danışıqları məsələsi də müzakirə olunub.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli