Tramp, Avropa İttifaqına 50 faiz rüsum tətbiq olunmasını təklif edib

Tarix: 21:35 23.05.2025
ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqı (Aİ) ilə ticarət danışıqlarının nəticəsiz qaldığını bildirərək, 1 iyun tarixindən etibarən Aİ-yə birbaşa 50 faiz tarif tətbiq olunmasını təklif edib.
Tramp, Truth Social sosial media hesabında paylaşım edərək, “ABŞ-dən ticarət sahəsində faydalanmaq məqsədilə qurulan Aİ ilə başa çıxmaq çox çətin oldu”, -deyə bildirib.
O, Aİ-nin güclü ticarət maneələri, əlavə dəyər vergiləri, mənasız korporativ cərimələr, qeyri-maliyyə ticarət baryerləri, maliyyə manipulyasiyaları, Amerika şirkətlərinə qarşı əsassız və ədalətsiz məhkəmə iddiaları, əlavə vergilərin tətbiqi səbəbindən ABŞ-nin ildə 250 milyard dollardan çox ticarət kəsiri verdiyini vurğulayıb. Bu rəqəmin “qəbuledilməz”olduğunu qeyd edib.
Tramp Aİ ilə aparılan danışıqların nəticəsiz olduğunu vurğulayaraq, “Buna görə də 1 iyun tarixindən etibarən Aİ-yə birbaşa 50 faizlik tarif tətbiq olunmasını təklif edirəm. Əgər məhsul ABŞ-də istehsal olunubsa və ya qurulubsa, o zaman gömrük rüsumu tətbiq olunmayacaq”, - deyə əlavə edib.
TRT Xəbər
Nuray Əliyeva