Qərbi Avropa ölkələri Üçüncü Dünya Müharibəsinim yaxın olduğunu düşünür

Tarix: 21:45 23.05.2025
Geosiyasi sabitlik davamlı şəkildə pozularkən, yeni bir qlobal münaqişənin baş vermə ehtimalı bir çox avropalını narahat edir.
YouGov-un yeni sorğusuna əsasən, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada respondentlərin 41%-dən 55%-dək hissəsi növbəti 5-10 il ərzində yeni bir dünya müharibəsinin baş verəcəyini ehtimal edir. Respondentlərin əksəriyyəti belə bir münaqişənin nüvə silahlarının istifadəsi ilə müşayiət olunacağını gözləyir. Araşdırma aprel ayının ilk iki həftəsində bu beş Avropa ölkəsində 7,095 nəfərlə keçirilib. Əgər belə bir müharibə baş versəydi, respondentlər öz ölkələrinin bu münaqişəyə cəlb olunacağını düşünür. Bu göstərici İtaliyada 66%, Böyük Britaniyada isə 89% təşkil edir. Lakin eyni zamanda, Avropa ordularının belə bir münaqişəyə hazır olmadığını düşünənlərin sayı da çoxdur. Yalnız Fransada respondentlərin 44%-i silahlı qüvvələrinin ölkəni müdafiə edə biləcəyini düşünür. Digər dörd ölkədə isə bu inam daha zəifdir – xüsusilə Almaniyada (yalnız 16%) və İtaliyada (20%). Bununla belə, respondentlər yeni bir dünya müharibəsi baş verərsə, iştirak etməyə hazır olduqlarını bildiriblər. Britaniyada respondentlərin 89%-i bu münaqişədə iştirak edəcəyini deyib, İtaliyada isə bu göstərici 66% təşkil edir.
Rusiya Avropada sülh üçün ən böyük maneə kimi qəbul olunur – Qərbi Avropalıların 82%-dək hissəsi onu əsas və ya orta səviyyəli təhlükə kimi görür. İkinci ən böyük təhlükə isə İslam terrorizmi hesab olunur – bu məsələyə ən çox narahatlıq Almaniyada müşahidə olunur (78%). ABŞ ilə Avropa arasındakı gərginlik də təhlükə kimi qiymətləndirilir – xüsusilə İspaniya, Almaniya və Fransada respondentlərin yarıdan çoxu bu münasibətləri sülh üçün təhdid kimi görür. ABŞ prezidenti Donald Tramp ikinci müddətində Qrenlandiya ilə bağlı təhdidlər irəli sürüb və Ukrayna müharibəsi ilə bağlı dəyişkən mövqeyi ilə çaşqınlıq yaradıb. Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün vacib hesab etdiyi 50 əsas mineralın təxminən 40-na sahibdir. Bu minerallar arasında uran və qrafit də var – bunlar istehsalat və qlobal təchizat zəncirləri üçün həyati əhəmiyyət daşıyır. Lakin Qrenlandiyanın resursları hələ tam kəşf olunmayıb.
Evronews
Billurə Quliyeva