İdman sahəsində yeni eranın başlanğıcı

Tarix: 19:39 26.05.2025
İdman sahəsində texnologiyanın rolu son onilliklərdə əhəmiyyətli dərəcədə artıb. Xüsusilə robotexnika və süni intellekt texnologiyalarının inkişafı idman təlimlərindən tutmuş yarışların idarə olunmasına qədər bir çox istiqamətdə inqilabi dəyişikliklərə səbəb olub.
İdmanda robotexnikanın müxtəlif tətbiq sahələri və onların idman performansına təsiri 21-ci əsrdən etibarən araşdırılır. Hazırda robotlar idmançıların hazırlıq prosesində dəqiq və təkrarlanan məşqləri həyata keçirmək üçün geniş istifadə olunur. Məsələn, tennis robotları oyunçulara müxtəlif sürətlə və bucaqla top ötürə bilir. Bu, idmançının reaksiya bacarığını artırır və fərdi təlimə şərait yaradır. Müasir idman yarışlarında robotlardan istifadəyə səbəb olan məqamlardan biri də, məhz insan səhvlərinin qarşısının alınması üçündür. “Hawk-Eye” sistemi kimi texnologiyalar tennis və futbolda topun dəqiq yerini müəyyənləşdirir və ədalətli qərarların verilməsini təmin edir.
Bunlarla yanaşı, günümüzdə idmançıların sağlamlığının diaqnostikası üçün də səhiyyə ilə bağlı robotexnikalardan istifadə olunur. Belə ki, reabilitasiya proseslərində robotlaşdırılmış qurğular – xüsusən exoskeletlər – əzələ funksiyalarının bərpasında mühüm rol oynayır. Bu qurğular zədəli idmançının fiziki terapiyasını dəstəkləyir və bərpa müddətini qısaldır.
Bir sıra idman sahəsində süni intellekt əsasında çalışan sistemlər idmançıların çıxışlarını təhlil edərək fərdi təlim planları hazırlanması üçün bir nömrəli vasitəyə çevrilib. Data analitikası oyunçuların zəif tərəflərini, taktiki səhvlərini müəyyənləşdirməkdə və təlimin effektivliyini artırmaq üçün istifadə olunur.
Robotexnika sahəsində inkişaf robot yarışlarının – RoboCup, robot sumosu, drone yarışları – yaranmasına səbəb olmuşdur. Bu yarışlar həm texnologiya sahəsindəki bacarıqları, həm də fiziki idman məzmununu birləşdirir.
İdmanda texnologiyanın artan təsiri ilə etik məsələlər ortaya qoyulur. Robotların insanla müqayisədə üstün olması və texnoloji asılılıq kimi hallar idmanın mahiyyətini bir qədər dəyişə və onun əsas prinsiplərini kölgə altına sala bilər. İdmanda robotexnika texnologiyanın gətirdiyi yeniliklərdən biridir və bu sahə gələcəkdə daha da inkişaf edəcək. Lakin bu inkişafın etik, sosial və texnoloji yönləri diqqətlə izlənməli və onun məqsədi insanı əvəz etmək yox, insanın potensialını artırmaq olmalıdır.
Mətin Ələsgərov,
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi