Blok imtahanlarının çətinlik səviyyəsi

Bölmə: Sosial › ,
Tarix: 18:45 28.05.2025

Blok imtahanları tələbələrin ali təhsil müəssisələrinə qəbulunda əsas mərhələlərdən biridir və bu imtahanların çətinlik səviyyəsi abituriyentlərin bilik və bacarıqlarını qiymətləndirmək baxımından mühüm rol oynayır.

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "İnformator.az"a açıqlamasında bildirib ki, blok imtahanlarının çətinlik səviyyəsi hazırda həm şagirdlərin intellektual səviyyəsini yoxlama, həm də orta ümumtəhsil məktəbində tədris olunan biliklərin real tətbiqini qiymətləndirmək baxımından olduqca mühüm, eyni zamanda mübahisəli bir mərhələdir:

 

"Təəssüf ki, illərdir formalaşmış və dəyişməyən imtahan mexanizmi bəzən nə şagirdin gerçək bilik səviyyəsini, nə də məktəbdə əldə olunan bacarıqları obyektiv ölçə bilir. Bu imtahanlar daha çox repetitor dəstəyinə, əzbərləməyə və texniki həllə əsaslandığı üçün bilik yox, strateji sual həll etmə bacarığı qiymətləndirilmiş olur. Bu isə təhsilin fəlsəfəsinə ziddir.
Müxtəlif fənlər üzrə sualların çətinlik səviyyəsinə gəldikdə isə, burada balanslı yanaşmanın qorunmadığı aydın şəkildə görünür. Xüsusilə də riyaziyyat və fizika fənləri üzrə təqdim olunan sualların orta məktəbdə keçirilən dərslik və proqramla uzlaşmadığı hallar tez-tez müşahidə olunur. 2024-cü ildə keçirilən blok imtahanlarında riyaziyyat fənni üzrə sualların böyük bir hissəsi ya kifayət qədər izahı verilməmiş mövzulardan, ya da mübahisəli məzmunlardan ibarət olub. DİM-in açıqladığı statistikaya görə, həmin ildə riyaziyyatdan orta nəticə 10 ballıq sistemdə 3.9 olub ki, bu da sualların ya həddən artıq çətin, ya da tədris proqramına uyğun olmadığını göstərir. Kimya və fizika üzrə suallarda da praktiki bacarıq deyil, daha çox əzbər və formal yanaşma üstünlük təşkil edib.
Blok imtahanlarının çətinlik səviyyəsinin abituriyentin bilik və bacarığını ədalətli ölçüb-ölçmədiyi məsələsində isə ciddi narahatlıq var. İmtahanın obyektivlik prinsipi – eyni tədris materialına bərabər çıxışı olan bütün şagirdlər üçün eyni səviyyədə imtahan verilməsi – nəzəri olaraq mövcuddur. Lakin praktikada region məktəbləri ilə iri şəhər məktəbləri arasındakı ciddi maddi-texniki və pedaqoji fərqlər bu prinsipin gerçəkliyini sual altına alır. Ölkənin kənd bölgəsində təhsil alan bir şagird ilə Bakıdakı repetitor dəstəyi ilə hazırlanan bir abituriyentin eyni suallarla imtahan verməsi nə ədalətlidir, nə də obyektiv nəticə verir. Nəticədə, təhsil deyil, sosial kapital və ailənin maliyyə gücü uğur amilinə çevrilir.
Orta məktəbdə verilən təhsilin blok imtahanına hazırlıq üçün yetərli olub-olmaması məsələsi isə artıq uzun illərdir aktualdır və cavabı dəyişmir: yetərli deyil. Orta məktəblərdə kurikulumun tətbiqi nəzəri və struktur baxımından modernləşdirilmiş olsa da, təcrübədə müəllim hazırlığı, dərs saatları, dərslik keyfiyyəti və qiymətləndirmə sistemi bu modernliyi dəstəkləmir. Dərsliklərdə yer alan mövzuların praktiki tətbiqi azdır, dərs vaxtı isə çətin sualları öyrətmək üçün yetərsizdir. Bu səbəbdən də, şagirdlərin böyük əksəriyyəti blok imtahanlarına hazırlaşmaq üçün repetitor və hazırlıq kurslarına müraciət edir. Bu isə ölkədə təhsilin bərabərliyini pozur, imkansız ailələrin övladlarını sistemdən kənarda qoyur və sosial ədalətsizliyi artırır. Dünya təcrübəsində ali məktəbə qəbul mexanizmləri təkcə test imtahanı ilə məhdudlaşmır. Məsələn, Finlandiyada məktəbdəki qiymətləndirmə və müəllim tövsiyəsi əsas rol oynayır. Almaniyada “Abitur” imtahanları həm yazılı, həm şifahi olur və məktəb daxili qiymətləndirmə ilə uzlaşdırılır. ABŞ-də isə SAT imtahanı ilə yanaşı, şagirdin məktəb göstəriciləri, esseləri, ictimai fəallığı da nəzərə alınır. Bu sistemlər şagirdin şəxsiyyətini bütöv şəkildə qiymətləndirməyə çalışır. Azərbaycanda isə qəbul mexanizmi hələ də sadə test məntiqi və əzbər bilik üzərində qurulub. Yekun olaraq, blok imtahanlarının çətinlik səviyyəsi ilə bağlı ictimai tənqidlər əsaslıdır. Suallar bəzən proqramla uyğun gəlmir, bəzən isə qiymətləndirmə şərtləri ədalətsiz olur. İmtahan sistemində ciddi islahatlara ehtiyac var: proqram-suallar uyğunlaşdırılmalı, regionlararası bərabər imkanlar təmin olunmalı, məktəb təhsili gücləndirilməli və qəbul mexanizmi yalnız testə əsaslanmamalıdır. Əks halda, imtahanlar abituriyentlərin bilik və bacarıqlarını deyil, onların sosial-maliyyə imkanlarını ölçməyə davam edəcək. Bu isə təhsilin mahiyyətinə ziddir".

 

Fatimə Heydərova