Gələcək 5 ildə temperaturun rekord səviyyələrdə qalacağı proqnozlaşdırılır

Bölmə: Dünya › ,
Tarix: 22:34 28.05.2025

Dünya Meteorologiya Təşkilatı (WMO) qlobal iqlim proqnozlarına əsasən, qarşıdakı 5 il ərzində temperaturun rekord səviyyələrdə və ya bu səviyyələrə yaxın olaraq qalmasının gözlənildiyini açıqlayıb.

 

WMO və Böyük Britaniyanın Meteorologiya İdarəsi (Met Office) gələcək 5 ilə dair temperatur proqnozları ilə bağlı birgə hesabat yayımlayıb.

 

Hesabatda qeyd olunub:

“Qlobal iqlim proqnozları göstərir ki, qarşıdakı 5 ildə temperaturun rekord səviyyələrdə və ya buna yaxın qalması gözlənilir. Bu isə iqlim risklərini, habelə onun cəmiyyətlər, iqtisadiyyat və davamlı inkişaf üzərindəki təsirlərini artırır. 2025-2029-cu illər arasında hər il üçün illik orta qlobal səth temperaturunun, 1850-1900-cü illərdəki (sənaye öncəsi dövr) orta göstəricidən 1,2 ilə 1,9 dərəcə daha yüksək olacağı proqnozlaşdırılır”.

 

Gələcək 5 ildə ən azı bir ilin sənaye öncəsi səviyyədən 1,5 dərəcə daha isti keçməsi ehtimalının 86 faiz olduğu vurğulanan hesabatda, 2025-2029-cu illəri əhatə edən 5 illik orta istilik artımının 1,5 dərəcəni keçmə ehtimalının isə 70 faiz olaraq qiymətləndirildiyi bildirilib.

 

 

Hesabatda həmçinin qeyd olunub ki,

“İstiləşmədə baş verəcək hər bir əlavə dərəcə zərərli istilik dalğalarına, güclü yağıntılara, şiddətli quraqlıqlara, buz təbəqələrinin, dəniz buzlarının və buzlaqların əriməsinə, okeanların qızmasına və dəniz səviyyələrinin yüksəlməsinə səbəb olur”.

 

 

Paris Sazişində qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması hədəfinin xatırladıldığı hesabatda, əgər istilik artımı bu səviyyələrdə davam edərsə, bu hədəfin müvəqqəti olaraq aşılmasının və bunun daha tez-tez baş verməsinin gözlənildiyi qeyd olunub.

 

 

 

TRT Xəbər 

Nuray Əliyeva