Almaniyadan Ukraynaya 5 milyard avroluq əlavə yardım paketi

Bölmə: Dünya › ,
Tarix: 22:35 28.05.2025

Almaniyanın Ukraynaya 5 milyard avro dəyərində əlavə yardım göstərəcəyi bildirilib.

 

Almaniya Müdafiə Nazirliyinin verdiyi açıqlamada, Müdafiə naziri Boris Pistoriusun ukraynalı həmkarı Rüstem Umerovla Berlində keçirdiyi görüşdə konkret dəstək öhdəliyi verdiyi qeyd olunub.

 

Rusiyanın həyata keçirdiyi ağır hücumlar nəticəsində çox sayda insanın həlak olduğu və xüsusilə mülki infrastrukturun ciddi zərər gördüyü vurğulanan açıqlamada, Ukraynaya veriləcək yeni yardım paketinin 5 milyard avro dəyərində olduğu və bununla da Almaniyanın Ukraynaya hərbi dəstəyini fəal şəkildə davam etdirdiyi bildirilib.

 

Həmçinin açıqlamada qeyd olunub ki, iki ölkənin müdafiə nazirləri Ukraynada uzaqmənzilli silah istehsalının maliyyələşdirilməsini nəzərdə tutan bir razılaşma imzalayıblar.

"Almaniya bununla Ukraynada gələcək istehsal üçün birbaşa investisiya planını həyata keçirir. Bu sayədə bu il əhəmiyyətli sayda uzaqmənzilli silah istehsal edilə biləcək", – deyə vurğulanıb.

 

Açıqlamada bu sistemlərin ilkin nümunəsinin bir neçə həftə ərzində Ukrayna ordusu tərəfindən istifadə olunmağa başlanacağı da qeyd olunub.

 

Almaniyanın Ukraynaya müxtəlif silah sistemləri üçün əlavə sursat paketləri tədarük edəcəyi bildirilən açıqlamada, Ukrayna Müdafiə Nazirliyi ilə Almaniyanın Diehl adlı müdafiə şirkətinin hava hücumundan müdafiə sistemləri və əlaqəli sursatların tədarükü üçün müqavilə imzaladığı vurğulanıb.

 

Bundan əlavə, açıqlamada Almaniyanın Ukraynadakı obyektlərin təmirini maliyyələşdirəcəyi və bu məqsədlə hər iki ölkənin müdafiə şirkətlərinin ortaq layihə üzrə razılığa gəldiyi qeyd olunub. Almaniyanın həmçinin Ukraynada tibbi avadanlıqların istehsalını maliyyələşdirəcəyi də bildirilib.

 

 

 

TRT Xəbər 

Nuray Əliyeva