Milli Müdafiə Universitetinə Qəbul Prosesi Yekunlaşır

Tarix: 18:04 29.05.2025
30 mayda bir sıra qeydiyyat prosesləri başa çatır. Bunlardan biri də Milli Müdafiə Universitetinin tabeliyindəki kolleclərə qəbul prosesidir.
Bu mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, Milli Müdafiə Universiteti yarandığı gündən qısa müddətdə bu sahədə ümidləri doğruldan xüsusi təyinatlı təhsil müəssisəsinə çevrilib:
“Bilirsiniz ki, universitetin nəzdində fəaliyyət göstərən kolleclərdə və xüsusi təyinatlı təhsil müəssisələrində istər nizam-intizam, istərsə də tədrisin keyfiyyəti və struktur baxımından ciddi işlər görülür. Lakin bu təhsil müəssisələri xüsusi təyinatlı olduğu üçün bəzi məlumatları açıq şəkildə ifadə etmək mümkün olmur.
Bununla belə, müşahidə edilən bir sıra hallar var. Əsas göstəricilərdən biri də odur ki, son illərdə universitetin nəzdindəki xüsusi təyinatlı ümumtəhsil məktəblərinə və kolleclərə müraciətlərin artması bu sistemdə, xüsusilə təlim-tərbiyə prosesində müsbət dəyişikliklərin baş verdiyini göstərir. Həmçinin, bu təhsil müəssisələrinə müraciət edən şəxslərlə bağlı sosial müdafiə sahəsində görülən tədbirlər də diqqətəlayiqdir.
Əvvəlki illərlə müqayisədə, ötən il və bu il regionlardakı ayrı-ayrı məktəblərdə universitetin və onun nəzdindəki kolleclərin, xüsusi təyinatlı ümumtəhsil məktəblərinin təbliğatı düzgün şəkildə aparılır, təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq qurulur ki, bu da müraciət edənlərin sayının artmasına səbəb olub.
Hazırda, xüsusilə universitetin ümumtəhsil bölməsi üzrə Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərdə həyata keçirilən struktur islahatlarını vurğulamaq istəyirəm. Bildiyiniz kimi, bu məktəblərə peşəkar hərbçilərin cəlb olunması və hərbi ruhda təlim-tərbiyənin təşkili bu sahəyə olan marağı artırır.
Düşünürəm ki, bu dəyişikliklər qısa zamanda davam edəcək və yaxın gələcəkdə hər bir Azərbaycan yeniyetməsinin ən böyük arzusu Milli Müdafiə Universitetində, onun kolleclərində və nəzdindəki ümumtəhsil məktəblərində təhsil almaq olacaq. Bu isə onların gələcəkdə Azərbaycan Ordusunun peşəkar zabitləri sırasına qoşulmasına imkan verəcək.
Yeni ümidlər də məhz buradadır. Ümumilikdə, bu gün bu sahədə görülən işlər danılmazdır".
Nigar Həsənzadə