Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Tarix: 19:36 29.05.2025
Rusiya və Ukraynanın mümkün atəşkəs rejiminin həyata keçirilməsi üçün tələbləri fərqlidir və hazırda bunları razılaşdırmaq lazımdır.
"İnformator.az" TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı deyib.
"Adətən hər iki tərəf atəşkəs istəyir, heç kim buna qarşı olduğunu demir. Lakin digər tərəfdən, hər iki tərəfin atəşkəslə bağlı tələbləri fərqlidir. Bu tələbləri razılaşdırmaq lazımdır. Danışıqlar və vasitəçilik də bunun üçündür", - Fidan bildirib.
Nazir izah edib ki, Rusiya tərəfi 30 günlük atəşkəs başlayarsa, bundan konkret olaraq nə əldə edəcəyi məsələsini qaldırır:
"Məsələn, 30 gündən sonra müharibə yenidən başlayacaqsa, bunu niyə razılaşdıraq. Rusiyanın burada müəyyən şərtləri var. Yəni biz niyə indi atəşkəslə bağlı danışıqlar aparırıq, sualı vacib və qanunidir. Müharibənin yenidən başlayacağı təqdirdə bu şərtlər danışıqlar üçün açıq sahədir".
Onun fikrincə, ukraynalıların və rusların mövqeləri əvvəlcədən bir-birindən uzaqdır, lakin vasitəçilik sayəsində onları yaxınlaşdırmaq mümkündür:
"Əlbəttə, ABŞ də burada mühüm rol oynayır. ABŞ Prezidenti Donald Trampın iradəsi var, o, dərhal atəşkəs görmək istəyir. Hazırda Ukrayna və Avropa tərəfi Vaşinqtonun mövqeyinə uyğunlaşmaqda çeviklik nümayiş etdirib. Rusiya eyni səviyyədə uyğunlaşma və çeviklik nümayiş etdirə bilməsə, ABŞ-nin gözündə əslində əlverişsiz vəziyyətə düşə bilər".