Güclü Maqnit Qasırğası: Texnologiyaya və İnsan Sağlamlığına Təsirləri

Tarix: 18:57 30.05.2025
29 may 2025-ci il tarixində Yer kürəsində güclü maqnit qasırğası qeydə alınıb. Bu hadisə Günəşdə baş verən kütləvi plazma partlayışlarının nəticəsi olaraq Yerə yüksək enerjili hissəciklərin çatması ilə meydana gəlir. Belə qasırğalar zamanı rabitə sistemlərində pozuntular, GPS dəqiqliyində azalma və enerji şəbəkələrində nasazlıqlar baş verə bilər. Eyni zamanda, bu tip hadisələr bəzi insanlarda yorğunluq, baş ağrısı, yuxusuzluq və digər narahatlıqlarla müşayiət oluna bilər. Hadisənin texnoloji və tibbi təsirləri həm elmi dairələrdə, həm də ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin Doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov "İnformator.az"-a bildirib ki, hazırda və dünən yerdə maqnit qasırğası 10 ballıq sistem üzrə beş bal olub:
“Bu gün səhər saatlarında isə artıq bitib və 10 ballıq sistemdə üç-dörd intervalındadır. Yəni, heç bir maqnit qasırğası yoxdur. Maqnit qasırğası, Günəşdən ayrılan plazmanın özündə maqnit sahəsini daşıması hesabına və son nəticədə Yerə yaxınlaşdıqda, Yerin maqnit sahəsinin deqradasiyası, yəni deformasiyası nəticəsində yaranır.
Beləliklə, maqnit sahəsi deformasiya olaraq induksiyasını dəyişir, qiymətini dəyişir və bu dəyişmənin sürəti, təbii ki, Yerdə olan radioelektronik cihazlara təsir etmiş olur. Əsasən, açıq — yəni atmosferdən kənarda yerləşən — operatorlara daha çox təsir edir. Yəni, kosmik obyektlərə, onların idarə olunmasına, yerdən idarə olunan uçan pilotsuz, eləcə də pilotlu aparatlara müəyyən təsir etmiş olur”.
Mirnamik Bəşirov bildirib ki, insanların qan dövranında metallik tərkiblər olduğu üçün maqnit sahəsi onların sağlamlığına da təsir edir:
“Son nəticədə, insanda müəyyən baş ağrısı ola bilər. Bu da geomaqnitə həssas insanlarda olur. İmmuniteti güclü olan, daha çox fiziki güclü olan insanlar onu hiss edə bilmir.
Keçən əsrin əvvəllərində güclü maqnit qasırğası hesabına bir sıra şimal ölkələrinin bütün elektrik sistemləri sıradan çıxmışdır. Yəni, onun belə bir gücü də var ki, elektrik aparatlarına, elektrik stansiyalarına müəyyən təsir edir. Bu, yalnız çox güclü qasırğa vaxtı olur — 10 ballıq sistemdə təxminən 9-10 olduqda. Amma orta hesabla 5 olduqda, bu heç bir yeni effekti yarada bilmir”.
Xəlilli Nigar