Gözdə mirvari suyunun yaranması

Bölmə: Sosial › ,
Tarix: 20:07 30.05.2025

İnsan gözünün sağlam və aydın görməsi üçün buynuz qişa, göz bülluru və torlu qişa birgə fəaliyyət göstərir. Göz bülluru şəffaf olduğu müddətcə işığın torlu qişaya düzgün çatmasını təmin edir.

 

Mövzu ilə bağlı oftalmoloq-cərrah Anar Abdullayev "İnformator.az"a açıqlamasında bildirib ki, hər bir insanın gözündə təbiətin bəxş etdiyi təbii linza var:

 

"Büllur adlanan bu linza şəffaf olur və göz bəbəyinin arxasında yerləşir. Onun funksiyası gözə düşən işığı gözün arxasına, göz dibinə ötürməkdir. Müxtəlif səbəblərdən büllurun şəffaflığı itir ki, buna da mirvari suyu, yəni katarakta deyilir. Bu xəstəlik, adətən, orta yaşdan yuxarı insanlarda yaranır. Lakin nadir hallarda gənclərdə, hətta körpələrdə də rast gəlinir.  Kataraktanı yaradan əsas amil yaşlılıqdır. Yaş artdıqca büllur öz  şəffaflığını itirir və bu zaman katarakta inkişaf etməyə başlayır. Lakin başqa səbəblərdən əmələ gələn katarakta növləri də var. Məsələn, travmalar, hər hansı bir xəstəliyə görə qəbul edilən dərmanlar səbəbindən də bu problem yarana bilər. Eləcə də başqa bir göz xəstəliyinin nəticəsi olaraq əmələ gələn ikincili kataraktalar, yeni doğulmuş uşaqlarda rast gəlinən anadangəlmə katarakta növləri də var. Katarakta həddindən artıq inkişaf edəndə biz buna ifrat yetişmiş katarakta deyirik. Düzdür, kataraktanın tək müalicə yolu əməliyyatdır. Lakin bu o demək deyil ki, katarakta diaqnozu qoyulan hər xəstə dərhal əməliyyat olunmalıdır. Buna göz cərrahı mövcud vəziyyəti dəyərləndirib qərar verir. Məsələn, pasiyentin görməsi kifayət qədər azalıbsa və həyat keyfiyyətinə ciddi təsir edirsə, əməliyyat göstərişdir. Onu da qeyd edim ki, kataraktanın fəsadlaşdığı məqamlar da var. Gecikmiş hallarda qara su deyilən qlaukomanın inkişafına səbəb olur. Odur ki, cərrahi müdaxilə göstərişdirsə, vaxt itirmədən əməliyyat olunmaq şərtdir".

 

Fatimə Heydərova