Rusiya sərnişin təyyarəsi məcburi eniş edib

Bölmə: Hadisə › ,
Tarix: 11:13 02.06.2025

Moskvadan Yakutska uçan “S7 Airlines”ə məxsus “Airbus A320neo” təyyarəsi Saxa respublikasının Lenski rayonundakı Talakan hava limanına məcburi eniş edib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat İdarəsi məlumat yayıb.

 

Məlumata görə, məcburi enişə səbəb texniki nasazlıq olub. Heç kim xəsarət almayıb. İstintaq Komitəsi yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarının pozulması (CM-nin 263-cü maddəsi) ilə bağlı araşdırmalara başlayıb.

 

Qeyd edək ki, bu, son bir ayda S7 şirkəti ilə bağlı 3-cü hadisədir. Mayın 18-də Novosibirskdən İrkutska uçan Boinq-737-800 təyyarəsi eniş qurğusunda yaranan nasazlıq səbəbindən havaya qalxdıqdan dərhal sonra hava limanına qayıtmaq məcburiyyətində qalıb. Mayın 17-də isə Qorno- Altayskdan Moskvaya uçan 150 sərnişini olan daha bir S7 təyyarəsi Novosibirskdə məcburi eniş edib. Airbus A320-nin mühərrikində nasazlıq yaranıb.