Misirdə QR kod əsasında viza

Tarix: 17:34 02.06.2025
Misirin Turizm və Qədim Abidələr naziri Şerif Fəthi bildirib ki, iyun ayının ortalarından etibarən Qahirə Beynəlxalq Hava Limanında pilot vizanın yerində verilməsi proqramı həyata keçiriləcək.
Yeni təşəbbüs çərçivəsində təcili vizaya ehtiyacı olan səyyahlar hava limanına çatdıqda QR kod skan edərək viza üçün müraciət edə biləcəklər. Viza rüsumları isə elektron şəkildə — ya hava limanının gələnlər zalında yerləşən özünəxidmət köşklərində, ya da xüsusi mobil tətbiq vasitəsilə ödəniləcək.
Nazir Şerif Fəthi qeyd edib ki, proqramın əsas məqsədi müraciət və ödəniş prosesini sadələşdirmək, gələn sərnişinlərin yaratdığı sıxlığın qarşısını almaqdır. Yaxın həftələrdə Turizm Nazirliyi hava limanı rəhbərliyi, hökumət qurumları və texnologiya tərəfdaşları ilə birgə sistemin səmərəliliyini qiymətləndirəcək. Uğurlu nəticə əldə olunarsa, layihənin ölkənin digər hava limanlarına da şamil olunması planlaşdırılır.
ANEWZ
Gülhüseynova Güllər