“İranın nüvə ilə bağlı fəaliyyətini yalnız ABŞ və ya İsrailin hərbi müdaxiləsi dayandıra bilər”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:51 03.06.2025

 

Vaşinqton mümkün İran nüvə proqramı sazişi çərçivəsində Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Potensial sazişimiz çərçivəsində biz uran zənginləşdirməsinə icazə verməyəcəyik”, - o qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, ölkənin keçmiş Prezidenti Co Bayden İranın uranı zənginləşdirmə fəaliyyətini çoxdan dayandırmalı idi.

 

 Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla münasibətləri hansı səviyyədə gərginləşdirməsi məsələsi son günlər dünyanın aparıcı siyasi proseslərindən biridir:

 

“Biz zaman-zaman Trampın İrana qarşı aqressiv siyasətinin şahidi olmuşuq. Burada da əsas məsələ İranın nüvə proqramı ilə bağlı olan addımlarıdır. Uranın zənginləşdirilməsi, məsələsi hər nə qədər də İran bu prosesi dinc məqsədlərlə həyata keçirdiyini bildirir. Amma biz reallıqda bunun əksinin şahidi oluruq. İranın nüvə ilə  bağlı fəaliyyətini yalnız ABŞ-nin və yaxud da İsrailin hərbi müdaxiləsi dayandıra bilər. 

 

Çünki İran çox ciddi cəhdlə və israrla bu prosesi davam etdirəcəyini bildirir. Aparılan müəyyən danışıqlar, məsləhətləşmələr və  sövdələşmələrə baxmayaraq İran ABŞ-nin bu istiqamətdəki tələbini heç cür yerinə yetirmir. Görünən odur ki, bundan sonra da yerinə yetirməyəcəkdir.Danışıqlar prosesinde tərəflərin bir-birinə güzəştlər etməsi, hansısa məsələlərdə razılıq əldə edilməsi və ya edilməməsi gündəmdə ola bilər”.

 

 

 

Politoloq qeyd edib ki, son dövrlərdə də danışıqlar prosesi davam etdirilir:

 

“Bundan sonra da təbiidir ki, davam etdiriləcək. Amma İran konkret olaraq uranın zənginləşdirilməsi ilə bağlı mövqeyindən əl çəkməyəcək və geri çəkilməyəcək.Bu da Cənubi Qafqaz, ümumiyyətlə bölgəmiz üçün ciddi təhlükələrə gətirib çıxara bilər. Ona görə ki, ABŞ və İsrail əks halda İrana qarşı hərbi əməliyyatlar həyata keçirə bilər. Bu qaçılmaz  olacaqdır. Bu halda da bizim qonşuluğumuzda yerləşən İran və İran üzərinə hərbi əməliyyatların davam etdirilməsi çox ciddi fəsadlara yol aça bilər”.

 

Nuray Əliyeva