Dünya çempionu olan millimiz mükafatlandırılıb

Tarix: 22:00 02.06.2025
"Əslində bu, gözlənilən nəticə idi. Çünki Azərbaycan millisi minifutbolda geniş təcrübəyə malikdir. 3 il öncə də Avropa çempionu olmuşduq. Avropa çempionu olan komanda üçün Dünya çempionu olmaq da gözlənilən idi".
Bu sözləri İdman TV-nin aparıcısı Həcər Vəliyeva "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, yığma indiyə kimi keçirilən Dünya Çempionatlıqlarında da maksimum nəticə ilə, yəni 5/8 final mərhələsinə qədər gəlib çatıb:
"Xüsusilə ölkəmizdə keçirilən yarışda Ruminya ilə olan qarşılaşmada onu məğlub edəndən sonra artıq hər kəs komandanın bu qədər irəlilədiyini görərək qızıl medalı qaza biləcəyini güman edirdi. Mən də bu qalibiyyətimizi çox yüksək qiymətləndirirəm. Əsasən də, qısa bir müddətdə belə uğura imza atmaq böyük bir nəticə idi.
Minifutbol idman növü ölkədə, ümumiyyətlə,dünyada yenidir. Göründüyü üzrə əsasən həvəskarlar arasında keçirilən bu idman növünə başqa ölkələrdə daha çox hobbi kimi yanaşılır, bəzi ölkələrin idman növü siyahısında minifutbol yoxdur. Ölkəmizdə isə bu idman növünə marağın, azarkeş dəstəyinin olduğunu gördülər və daha böyük kütləyə çatdırmaq üçün milli komanda heyətini gücləndirdilər, daha güclü idmançıları buraya topladılar. Bundan başqa, idmançıların formalaşması üçün nəinki yuxarı yaş kateqoriyası, həm də aşağı yaş kateqoriyası da bu idmana cəlb olunur. Bu cür irimiqyaslı turnirin, Dünya Çempionatının ölkəmizdə keçirilməsi də minifutbolun Azərbaycanda kütləviləşməsinə çox böyük töhfə verəcək, böyük vüsət alacaq".
Müsahibin sözlərinə görə, komandamızın ilk oyundan bu günədək keçirilən qarşılaşmalarda oyunçuların bu cür motivasiyada olması, ruhdan düşməməsi, xüsusilə qapıçımızın vurduğu qol oyunu maraqlı etdi:
"Qeyd etdiyim kimi, təəccübləndirmə deməzdim, çünki bizim bu oyunda uğurumuz var idi. Sadəcə Dünya çempionu olmaq da, bizim üçün qürur hissi bəxş etdi. Komandamız onsuz da favorit sırasında idi, bu uğurun əsas səbəbini motivasiyadan düşməmək, daim məşq etmək, daim üzərində işləmək və sairə deyə bilərəm. Digər məqam isə məşqçi Elşad Quliyevin bu cür heyəti yığıb düzgün yönləndirilməsi idi. Yarış zamanı da bir azarkeş kimi dəstəyini əskik etmədi, bəzi yerlərdə müdaxilələr edirdi, istiqamət göstərirdi. Bunu da qeyd etməliyəm ki, bu yerli mütəxəsislərlə yanaşı xarici mütəxəsislər də təsir edirdi".
Zəhra Möhübbətova