Məşhurların milyonluq toyları

Bölmə: Maraqlı › ,
Tarix: 13:30 17.02.2016

650 milyona başa gələn Bakı Olimpiya Stadionunda toy şənlikləri keçirilməsinin mümkünlüyü barədə xəbərlər gündəmi zəbt etdiyi bir ərəfədə Buro 24/7  məşhurların ən bahalı toylarının siyahısını tərtib edib.

İnformator.az korrespondent.az-a istinadən məhşurların milyonluq toylarını təqdim edir.

Donald Tramp və Melanya Knauss
Toyun xərci: 1 milyon dollar



Donald Trampın model Melanya ilə toyu 2005-ci ildə baş tutub. Amerikalı milyarder sayca üçüncü nikahı üçün bədxərclik etməkdən çəkinməyib. 35 yaşlı həyat yoldaşı üçün Tramp “Christian Dior” brendindən 100 000 dollarlıq gəlinlik tikdirib, mərasim salonunu 10 000 güllə bəzədib, toya dəvətliləri qara kürüyə, “Grand Marnier” likyorundan hazırlanmış torta və “Cristal” şampanına qonaq edib. Toy mərasimi Mayamidə yerləşən “Bethesda-by-the-Sea” kilsəsində baş tutub. Mərasimdən sonra isə cütlük Trampın Palm-Biçdə yerləşən möhtəşəm villasına yola düşüb. 400 nəfərlik toy mərasimi dünyanın ən bahalı toyları siyahısındadır.

Tom Kruz və Keti Holms
Onların toyu  2 milyon dollar başa gəlib.



2006-cı ildə Tom Kruzla Keti Holms İtaliyada yerləşən tarixi Odeskalki sarayında baş tutan toyları ilə dünya mətbuatının diqqət mərkəzində oldular. Mərasim üçün “Dal Bolognese” restoranından nəfis yeməklər hazırlanmışdı, qonaqlar dünya şöhrətli tenor Andrea Boççellinin ifasını dinləyir, Bruk Şilds, Cim Kerri, Cennifer Lopes, Devid və Viktoriya Bekhemlərin rəqsini maraqla izləyirdilər. Bütün təşkilati işləri görkəmli modelyer Corcio Armaninin qardaşı qızı Roberta Armani öz üzərinə götürmüşdü. Lakin təəssüf ki, belə bir təmtəraqlı toy cütlüyün boşanması ilə nəticələndi.

Çelsi Klinton və Mark Mezvinski
Toy xərci – 5 milyon dollar



ABŞ-ın sabiq prezidentinin qızı Çelsinin bankir Mark Mezvinski ilə toyu Nyu-York ştatının Raynbeke şəhərində baş tutub. Paparatsilərin toyu görüntüləməməsi üçün şəhərə aparan bütün yollar bağlanıb, hava məkanı mühafizə olunub. Çelsi toyda ailənin yaxın dostu olan dizayner Vera Vonqdan bəyaz gəlinlikdə olub. Qonaqlara təqdim olunan yeməkləri ölkənin üç iri keyterinq şirkəti hazırlayıb, onların xidmətləri isə Klintonlara 750 000 dollara başa gəlib.

Castin Timberleyk və Cessika Bil
Toyun xərci – 6,5 milyon dollar



Hollivudun ən yaraşıqlı subayı Castin Timberleyk aktrisa Cessika Bil ilə toyu üçün heç bir xərcdən çəkinməyib. İtaliyanın “Borgo Egnazia” kurortunda toy mərasiminə gələn qonaqlar üçün Timberleyk lyuks otellərdən birini bağlatdırıb. Gəlin “Giambattista Valli” brendindən çəhrayı libasda, bəy isə “Tom Ford”dan smokinqdə qonaqlar qarşısına çıxıblar. Toyda qənaət olunan yeganə şey – musiqiçilər olub. Castin bütün toy boyu qonaqları üçün özü oxuyub.

Xuan Syaomin və Ancela Beybi
Toy xərci: 43 milyon dollar



Asiyalı aktrisa və müğənni, Şayxayın tanınmış biznesmenlərindən birinin qızı Ancelanın aktyor Xuan Syaominlə toyunu “2015-ci ilin toyu” adlandıranlar da var. 2000 nəfərlik toyun təşkilati işlərinə 43 milyon dollar pul sərf edilmişdi. “The Shanghai Exhibition Centre” konqres mərkəzində baş tutan mərasimə ailəvi dostlarla yanaşı, Çinin 100-dən çox tanınmış siması da qatılmışdı. Mərasim “Youtube”da canlı olaraq yayımlanırdı. Gəlinin “Chaumet” zərgərlik evindən olan üzüyü Xuana 1,5 milyon dollara başa gəlmişdi. Ancelanın arzularındakı gəlinliyi isə onun üçün düz 5 ay ərzində “Dior” moda evinin dərziləri tikmişdilər. 2,5 metrlik toy tortu yüzlərlə qızılgüllə bəzədilmişdi. Cütlüyü “Ferrari” və “Rolls Royce” avtomobilləri ilə təmin olunmuş 200 nəfər mühafizəçi qoruyurdu.

Şahzadə Uilyam və Keyt Middlton
Toyun xərci  34 milyon dollar



2011-ci ildə Britaniya taxt-tacının varislərindən biri, şahzadə Uilyam Sent-Endryu universitetindən olan rəfiqəsi Ketrin Midltonla münasibətlərini rəsmiləşdirdi. Ölkədə iqtisadi problemlərinin yaşanmasına baxmayaraq, cütlüyün toyuna dövlət büdcəsindən xeyli miqdarda pul ayrılmışdı. Mərasimin keçirildiyi Vestminister Abbatlığının bəzədilməsinə 800 000 dollar, tortun bişirilməsinə 80 000 dollar sərf olunub. “Alexander McQueen” brendindən olan gəlinlik üçün kral sarayı 434 000 dollar ödəmişdi. 2000 qonağın mühafizəsinin təmin olunmasına xərclənən məbləğ isə açıqlanmır.

Vanişa Mittal və Amit Bxatia
Toyun xərci: 60 milyon dollar



Vanişa Mittal uzun müddət dünyanın ən varlı subay xanımlarının siyahısında liderlik edib. Hindistanlı maqnat Lakşmi Mittalın qızının bankir Amit Bxatia ilə nikahı haqqında isə uzun müddət danışıldı. Toy Parisdə düz 7 gün, 7 gecə davam edib. Cütlüyün 1000-ə yaxın qohumuna dəvətnamələr gümüşü qablarda gəlib, xanım qonaqlara hədiyyə olaraq qutunun içərisində daş-qaşlarla bəzədilmiş dizayner çantaları hədiyyə olunub. Dəvətliləri “Moulin Rouge” kabaresinin rəqqasələri əyləndirib, daha sonra isə onlar Kayli Minouqun ifasını dinləyiblər. Məlumata görə, süfrələrə 50 ədəd “Château Mouton-Rothschild” şərabı, 6000 növ yemək və desert verilib. Gecənin sonunda Eyfel qülləsinin yanında cütlüyün şərəfinə atəşfəşanlıq olub. Lakin bu “bahalı” nağılın sonu heç də yaxşı olmayıb. Cütlük 2013-cü ildə boşanmaq qərarı verib.

Şristi Mittal və Qulraca Behl
Toyun xərci: 82 milyon dollar



2013-cü ilin dekabrında hindistanlı bankir Helrac Behl öz qohumu, maqnat Lakşmi Mittal və Pramoda Mittalın qızı Şristi Mittala ailə qurdu. Barselonada 3 gün davam edən toy mərasimi cütlüyün valideynlərinə 82 milyon dollara başa gəlib. Mərasimin əsas hissəsi Kataloniyanın Milli incəsənət muzeyində keçirilib. Həmin gün muzey ekskursiyalar üçün bağlı olub. 1000 qonaq üçün iki Michelin ulduzu olan “Arola” restoranının baş aşpazı Serci Arola ləziz təamlar hazırlayıb, ümumilikdə Hindistandan və Tailanddan olan 200 aşpaz və ofisiant ona yardım edib. Təkcə “Dom Perignon” və “Ruinart” şampanı üçün təxminən 160 000 dollar xərclənib, toy tortunun çəkisi isə 60 kq. olub. Toyun qonaqları üçün cütlüyün ailəsi “Hotel Arts” və “W Barcelona” otellərini müvəqqəti bağlatdırıb.