Rusiya səfərbərlik elan edə bilər

Tarix: 20:49 03.06.2025
Rusiya yaxın zamanda yeni səfərbərlik elan edə bilər. Son zamanlar Ukrayna ilə davam edən müharibədə itkilərin artması və cəbhə xəttində gərginliyin yüksəlməsi bu ehtimalı gücləndirir. Hökumət daxilində bu məsələ ilə bağlı müzakirələrin getdiyi bildirilib.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın rəhbərliyinin elan edəcəyi ümumi səfərbərlik, indiyə qədər aparılan siyasətin ən azı iki istiqamətdə nəticəsi kimi dəyərləndirilə bilər:
"Birincisi, Rusiya Ukraynada müharibəni yekunlaşdırmaq, ya atəşkəs sazişi, ya da sülh sazişi imzalamaq üçün ardıcıl iradə nümayiş etdirməyib. Faktiki olaraq, Ukrayna ilə müharibəni yekunlaşdırmaq üçün heç bir kompromis variantına getmək fikrində deyil. Beləliklə, Ukraynada müharibənin dayanma perspektivlərinin hələ görünməməsi Rusiyanı daha uzunmüddətli müharibəyə hazırlıq addımlarına sövq edir.
İkincisi, Qərb ölkələri, xüsusilə də Avropanın NATO üzvü olan dövlətləri ciddi şəkildə Rusiyanın üzərinə hərbi təzyiqləri artırmaq üsulları üzərində düşünürlər. Artıq NATO ölkələrinin hərbi manevrləri başlayıb. Eyni zamanda, NATO-nun Mərkəzi Avropa, Baltikyanı və Şərqi Avropa ölkələrindən ibarət bir qrupu fəal şəkildə Rusiyaya qarşı müharibəyə hazırlaşır. Hətta bəzi NATO ölkələrində orta məktəblərdə atıcılıq kursları yenidən fəaliyyətə başlayıb və bu prosesə təkcə oğlan uşaqları deyil, qızlar və qadınlar da fəal şəkildə cəlb olunublar. Bütün bunlar NATO-nun Rusiyaya güzəştə getmək fikrində olmadığını bir daha nümayiş etdirir və açıq-aşkar göstərir ki, müharibənin bundan sonra da uzun müddət davam edəcəyi və onun coğrafiyasının genişlənəcəyi gözlənilir.
Bu şəraitdə Rusiyanın ümumi hərbi səfərbərlik elan etməkdən başqa yolu qalmayıb. Bunun Rusiyaya nə verəcəyi isə maraqlı bir məsələdir. Əlbəttə, hərbi texnikanın və ən müasir hərbi texnologiyanın döyüş meydanlarında Rusiyanın köməyinə çatmadığı bir vəziyyətdə canlı qüvvənin artırılması fikrimizcə hər hansı ciddi dəyişiklik gətirməz. Hərbi səfərbərlikdən əvvəl Şimali Koreya ilə imzalanmış müqavilə əsasında 10 mindən artıq xüsusi hazırlıq görmüş canlı qüvvə Rusiya ordusunun sıralarına Koreya ordusundan cəlb olunub".
Ekspert həmçinin bildirib ki, Rusiyanın müəyyən təzyiq addımlarına cavab olaraq Qərb ölkələrinin ciddi dəstəyi ilə Ukrayna Rusiyanın kosmik aviasiya aerodromlarına sarsıdıcı zərbələr endirib:
"Ukraynadan 5-6 min kilometr uzaqlıqda yerləşən strateji bombardmançı təyyarə aerodromlarına dronlarla dəqiq zərbələr vurulub. Bütün bunlar deməyə əsas verir ki, NATO və Qərb ölkələri uzunmüddətli müharibəyə hazırlaşırlar və Rusiya da həm apardığı davakar, iddialı, hərbi, irticaçı və təcavüzkar siyasətinin nəticəsi olaraq buna cavab verməlidir, həm də NATO-nun güzəştə getməmək və Rusiyanın axıra qədər döyüşmə siyasətinə qarşılıq vermək məcburiyyətindədir.
Aparılan ümumi səfərbərliyin Rusiya üçün nə verəcəyi konkret şəkildə bəlli deyil. Bu, olsa-olsa, ölkə daxilində ümumi müharibə əhval-ruhiyyəsinin, atmosferinin gücləndirilməsinə səbəb ola bilər. Ümumi səfərbərliyin elan olunmasından sonra cəmiyyətdə qanunvericilik çərçivəsində bəzi sərtləşdirilmiş tədbirlərin görüləcəyi, fərarilik meyillərinin qarşısını almaq üçün qanunun daha sərt formada tətbiq olunacağı gözlənilir. Rusiya cəmiyyətində müharibəyə qarşı narazılıq əhval-ruhiyyəsində olan təbəqənin reaksiyalarını müəyyən qədər boğmaq üçün addımlar atılacaq və çalışacaqlar ki, cəmiyyət müharibə əhval-ruhiyyəsində yaşamaqda davam etsin. Bundan artıq Rusiyanın hansısa ciddi nəticə əldə edəcəyini düşünmürəm. Çünki strateji baxımdan bu müharibə artıq Rusiya üçün uduzulmuş hesab olunur".
Gülhüseynova Güllər