İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

Tarix: 15:19 04.06.2025
İsveçrə Avropa Birliyinin 17-ci sanksiya paketinə qismən qoşularaq, Rusiyaya qarşı məhdudiyyətləri genişləndirib.
Mövzu ilə bağlı “İnformator.az”a AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirir ki, Rusiya 2014-cü ildən sanksiyalar altındadır:
“Amma hələ ki, bu günə qədər ayaqda durmağı bacarıb. Çünki, daxili iqtisadiyyatı çox güclüdür. Hələ bundan sonra da uzun müddət sanksiyalara tab gətirə biləcək. Onun üçün də, İsveçrənin bu qərarının şimal qonşumuza təsirlərinin ola biləcəyini düşünmürəm. Sıradan bir sanksiya qərarı olacaq. İsveçrənin neytral ölkə olmasına gəlincə, Kremlə qarşı neytral qalan ölkələr artıq barmaqla sayılacaq qədərdir. Avropanın göbəyində yerləşən İsveçrə kimi bir dövlətin isə Rusiyaya qarşı neytral qalması mümkünsüzdür. Buna heç qabaqcıl Qərb ölkələri də imkan verməzlər. Onun üçün də sözdə İsveçrə neytral dövlətdir, əməldə belə olmadığı bu qərarla açıq şəkildə göründü. Rusiya ilə zatən İsveçrənin münasibətləri sıx deyil. Xüsusilə, 2022-ci ildə şimal qonşumuzun Ukraynaya hücumundan sonra onun Qərb dünyası ilə bağları demək olar ki, tamamilə qopdu. Heç şübhəsiz ki, buraya İsveçrənin daxil olmaması da mümkün deyil, çünki Avropanın bir parçasıdır. Onun üçün də Kremllə əlaqələri qorumaq istəyi barədə deyilənlər absurddur”.
Cavanşir Abbaslı İsveçrənin Avropa İttifaqı və NATO üzvlüyü barədə də danışıb:
“Bu iki quruma İsveçrənin üzv olacağı yaxın perspektivdə görünmür. Avropa İttifaqına üzvlük üçün 90-larda cəhd etdi, lakin referendumda rədd cavabı çıxdı. NATO-ya üzvlük isə hələ ki, real görünmür. Son olaraq, İsveç və Finlandiya üzv kimi bu quruma qəbul olundu. Bu iki dövlətdə də səbəblər tamam başqa idi. Ukrayna savaşı onları NATO-ya apardı. İsveçrə üçün real təhlükələr hələ ki, görünmür. Onun üçün də bu ölkənin Avropa Birliyi və NATO-ya üzv olacağı barədə indidən danışmaq tezdir”.
Aysel Mirzəyeva