“İran çarəsiz vəziyyətdə Rusiyaya yönəlir"

Bölmə: Siyasət › ,
Tarix: 22:40 05.06.2025

İranın nüvə proqramı ilə bağlı danışıqlar fonunda Rusiya Prezidenti Vladimir Putinin bu prosesə qoşulmağa hazır olduğu barədə açıqlaması beynəlxalq diqqəti cəlb edib.

 

Mövzu ilə bağlı Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Moskva ümumiyyətlə regionda baş verən heç bir prosesdən kənarda qalmaq istəmir və bu cür cəhdlərlə təsir dairəsini qorumağa çalışır:

 

"Rusiya İrana dəstək verməklə regionu onun vasitəsilə təsir altında saxlamaq niyyətindədir. İran isə, öz növbəsində, Rusiya və Ukrayna arasındakı danışıqlarda Türkiyənin vasitəçi rolunu qəbul etmir. Çünki bu danışıqlar nəticə versə, Türkiyənin regional və beynəlxalq nüfuzu daha da artacaq. İran çəmbərin daraldığını görür və əgər ABŞ və İsrailin hərbi təzyiqlə üzləşərsə, ölkəsinin ‘açarlarını’ Rusiyaya verməyə hazır ola bilər – bu, Suriyanın keçmiş prezidenti Bəşşar Əsədin siyasətini xatırladır”.

 

Müsahib vurğulayır ki, Rusiyanın Ukrayna ilə müharibədə çətinlik çəkdiyi və Avropanın ona qarşı mövqeyinin sərtləşdiyi bir dönəmdə belə bir mövzuya müdaxilə etməsi birmənalı qarşılanmır:

 

“Rusiya bununla həm İranı müdafiə etdiyini göstərir, həm də diqqəti Ukrayna məsələsindən yayındırmağa çalışır. Əslində bu, proseslərin nəzarətsiz şəkildə daha da gərginləşməsinə səbəb ola bilər. PKK-nın İran qolunun təslim olmaması, son günlərdə İranda qondarma ‘artsax’ bayrağı ilə keçirilən tədbirlər, eləcə də Qərbin İranın radikal siyasətindən alət kimi istifadə etməsi bu prosesin qarşısında ciddi maneələr yaradır”.

 

Tural İrfan hesab edir ki, hazırkı mərhələdə Rusiya ABŞ-nin İran qarşısında irəli sürdüyü tələblərin yerinə yetirilməsində Tehrana yardım göstərməklə eyni zamanda Vaşinqtonla münasibətlərində gərginliyi azaltmağa çalışır.


Selcan Əhmədli