Trampdan Rusiyaya xəbərdarlıq

Tarix: 23:21 05.06.2025
ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukrayna ilə bağlı razılaşma olmasa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazıram.
Ağ Ev rəhbəri bununla bağlı özü üçün son tarix təyin etdiyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp qeyri-adi bir şəxsiyyətdir:
“Tramp fərqli bir adamdır. O, şoumendir. Ümumiyyətlə, Amerika siyasətinin bir hissəsi şoumenlikdir. Yəni, Tramp gündəmdə qalmağı sevir. O, Nobel mükafatı almaq istəyir. O istəyir ki, Rusiya-Ukrayna müharibəsini də özü dayandırsın. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzanmasına nail olsun. Qəzza zolağında olan problemləri həll etsin. Əsas fiqur olaraq görünmək və tarixə düşmək istəyir. Çinə ticarət müharibəsi elan edir, qısa müddətdən sonra Çinlə razılaşır. Hər yerdə uğursuzluq olur və o, bunu öz uğuru kimi təqdim etməyə çalışır. Çünki ona görə təqdimat da vacibdir. Bu da Trampın şouya meyilli olması və məhsul götürmək bacarığının göstəricisidir. Amma burada bir məsələ də var. Biz Amerikanı Rusiya ilə, Çinlə, hətta Türkiyə ilə belə səhv salmayaq. Amerikada prezident birinci fiqur olsa da, hər şeyi həll etmir. Amerikada Pentagon var, senat var, konqresmenlər var, ştat qubernatorları var, maliyyə klanı var. Amerikada bir çox qüvvə var və bu qüvvələr arasında razılaşmalar, rəqabət və s. vardır və bütün bunları da prezident nəzərə almağa məcburdur. Amerika Çin, Şimali Koreya və yaxud Rusiya deyil ki, hər şey bir nəfərdən asılı olsun. Bunu da nəzərə almalıyıq. Bəli, Tramp bir prezident, Amerikanın bir nömrəli şəxsidir. Amma hər şey onun istədiyi kimi alınmır. Rusiya Amerikadan asılıdır. Rusiya maraqlıdır ki, Amerika Ukraynanı dayandırsın və Rusiyanın mövqeləri nəzərə alınsın. Amma Rusiyanın da mövqeləri maksimalist olandır və Ukrayna bununla razılaşmayıb. Amerika görəndə ki, Rusiya Amerikanın istəklərinə adekvat cavab vermir. Təbii ki, Amerika o resursu olan dövlətdir ki, Avropadan fərqli olaraq Rusiyaya təzyiq eləsin. İstər silah məsələsində, istər valyuta məsələsində, istər təbii sərvətlər məsələsində…Məsələn, Amerika Ukraynaya dəstək verib, Ukrayna-Rusiya müqavimətini davam etdirə bilər. O dəstəyi Avropa verə bilməz. Avropaya elə vaxt lazımdır ki, Rusiyanın silah istehsalına gəlib çatsın. Amma Amerika elə deyil. Amerika Rusiyanın silah istehsalına Qərbdə rəqabət göstərə biləcək və üstləyəcək yeganə dövlətdir. Bu dövlət Rusiyaya əsəbiləşsə və desə ki, əgər mən dediklərimi nəzərə almırsansa, dediklərimi etmirsənsə, o zaman mən də Ukraynaya dəstək verməyə davam edəcəyəm. Bu da Rusiya üçün təhlükədir. Tramp da bu sözləri ilə bu mesajı Putinə çatdırmaq istəyir”.
Lalə Qurbanlı