Aİ Ukraynalıların geri qayıdışı üçün-PLAN HAZIRLAYIR

Bölmə: Dünya › ,
Tarix: 16:18 04.06.2025

Politico nəşrinin məlumatına görə, Avropa Komissiyası bu gündən etibarən müharibədən sonra Ukrayna vətəndaşlarının öz ölkələrinə mərhələli və təhlükəsiz şəkildə qayıdışını təmin edəcək plan üzərində işə başlayır.

 

Brüsselin əsas məqsədi insanların kütləvi və nizamsız hərəkətindən qaçmaqdır, çünki bu həm Ukrayna, həm də Aİ ölkələri üçün ciddi sosial və iqtisadi təzyiqlər yarada bilər.

 

İnformator.az” xəbər verir ki, Avropa İttifaqı üzv ölkələrə “birlik mərkəzləri” adlanan informasiya və dəstək mərkəzləri yaratmağı tövsiyə edir. Bu mərkəzlər vətənə dönməyi düşünənlərə məsləhət və psixoloji dəstək verəcək, həmçinin Ukraynada və ya yerləşdikləri ölkədə iş tapmaqda kömək göstərəcək.

 

 

Bundan əlavə, Avropa İttifaqı ukraynalılar üçün müvəqqəti müdafiə proqramını 2027-ci ilin martına qədər uzatmağı planlaşdırır. Bu proqram çərçivəsində ukraynalılar Aİ ölkələrində qanuni şəkildə yaşamağa və işləməyə davam edə biləcəklər. Müddət bitdikdən sonra isə onlara yeni hüquqi statusa keçmək üçün dəstək göstəriləcək. Xəstələr, hamilə qadınlar və məktəbli uşaqları olan ailələr üçün əlavə möhlət tövsiyə ediləcək.