Rusiya panikada-sərhəddən təcili çıxarılır

Bölmə: Siyasət › ,
Tarix: 21:35 06.06.2025

 

Ruslar “Hörümçək toru” əməliyyatından sonra təcili olaraq strateji bombardmançı təyyarələri Ukraynadan uzaqlaşdırmağa başlayıblar. Artıq Tu-160-lardan biri Anadır hava limanında görüntülənib.

 

Qalan Tu-22M3 və Tu-95MS strateji bombardmançıların taleyi naməlum olaraq qalır.

 

Ukrayna mediası mənbələrə istinadən iddia edir ki, təyyarələr “Olenya”, “Belaya” və “Ukrainka” aerodromlarından qeyri-müəyyən istiqamətlərə elə xaotik şəkildə hərəkət etməyə davam edir ki, monitorinq sistemləri onları izləyə bilmir.

 

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti “Hörümçək toru” əməliyyatını 1 iyunda həyata keçirib. Nəticədə Rusiyanın 4 aerodromunda strateji raket daşıyıcıları da daxil olmaqla, 40-dan çox hərbi təyyarə sıradan çıxarılıb.

 

Mövzu ilə bağlı “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “İnformator.az ”a açıqlamasında qeyd edib ki, Rusiyanın strateji bombardmançı təyyarələrini dislokasiya bazalarından çıxararaq başqa yerlərə daşıması, onun panik vəziyyətdə olduğunu göstərir:

 

“Kreml daxilində böyük bir əndişənin yaşandığı artıq qətiyyən şübhə doğurmur. Rusiya hərbi dairələri böyük ehtimalla hesab edirlər ki, ölkənin strateji aviasiyası ciddi təhlükə altındadır və buna görə də onların daha etibarlı ərazilərə daşınması zəruridir.

 

Bu səbəbdən strateji aviasiyanın yeri tələsik şəkildə dəyişdirilir. Bu isə göstərir ki, Rusiyanın müdafiə sistemi artıq ciddi çatlar verir və ölkə müdafiə olunmaqda ciddi problemlərlə üzləşir. Üstəlik, Ukraynanın məhdud imkanlarla belə genişmiqyaslı bir əməliyyatı reallaşdıra bilməsi Rusiya üçün böyük bir biyabırçılıqdır. Bu, onu göstərir ki, Rusiya artıq müdafiə olunmaqda çətinlik çəkir və ölkənin hərbi qüdrəti ilə bağlı formalaşmış miflər dağılmaq üzrədir.

 

Elçin Xalidbəyli əlavə edib ki, görünən odur ki, Ukrayna çox ciddi və uzun müddətə dayanan hazırlıq prosesindən sonra dəqiq plan əsasında Rusiyanın istənilən ərazisinə, istənilən hərbi obyektinə zərbə endirə biləcək imkanlara malikdir:

 

“Təbii ki, Rusiya bu hərbi zərbəyə cavab verməyə çalışacaq. Ən azı bu cavabın imitasiyasına cəhd ediləcək. Əksər hallarda Rusiya cavab zərbələrini daha çox mülki obyektlərə yönəltməklə verir. Belə hallar dəfələrlə müşahidə olunub: Ukraynanın hərbi zərbələrinə cavab olaraq Rusiya mülki obyektləri hədəf alıb.

 

Bu isə Rusiya hərbi dairələrinin qəddarlığını və beynəlxalq müharibə qanunlarını, beynəlxalq konvensiyaları kobud şəkildə pozduğunu göstərir. Bu baxımdan ehtimal etmək olar ki, Rusiya əlində olan imkanlardan istifadə edərək Ukraynada qorxu və vahimə yaratmağa çalışacaq. Bu da əsasən cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərə, yaşayış məntəqələrinə zərbə endirilməsi ilə müşahidə olunacaq. Çünki Rusiya artıq bu cür taktikaya demək olar ki, vərdiş edib”.

Mahmudlu Ləman