Bakı: Beynəlxalq hüquq prioritetdir

Bölmə: Siyasət › ,
Tarix: 16:45 12.06.2025

 

Rusiyanın “RİA Novosti” vasitəsilə Azərbaycanın Krım və digər işğal olunmuş Ukrayna ərazilərini tanımasına ümid bəsləməsi diqqət çəkib. Bu açıq çağırış fonunda Azərbaycanın xarici siyasətdə tutduğu prinsipial mövqe bir daha gündəmə gəlib. Bakı üçün prioritet beynəlxalq hüququn qorunması və ərazi bütövlüyünün birmənalı müdafiəsidir.

 

Azərbaycan Rusiyanın Krımı tanıma çağırışlarına necə yanaşır və bu məsələdə mövqeyi nədir?

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, Rusiyanın rəsmi xəbər agentliyi “RİA Novosti”nin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri hazırkı məqamda diqqət çəkir:

 

"Uzun müddətdir dolayı yollarla gündəmdə saxlanılan məsələ bu dəfə daha açıq şəkildə ifadə olunub. Rusiya Azərbaycanın Krım da daxil olmaqla Ukraynanın işğal olunmuş ərazilərini “tanımasına” açıq şəkildə ümid bəslədiyini bəyan edib.

 

Bu xəbər nə sürprizdir, nə də tamamilə gözlənilməz. Rusiya–Ukrayna müharibəsinin ilk günündən Moskva beynəlxalq təcriddən çıxmaq və müttəfiq dairəsini genişləndirmək məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Lakin indiyədək Kreml məsələni bu cür açıq formada dilə gətirməyib.

 

Azərbaycanın xarici siyasətindəki mövqe dəyişməz olaraq qalır. Rəsmi Bakı dövlətlərin ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edir. Bu, yalnız beynəlxalq hüququn tələb etdiyi məsuliyyət deyil, həm də Azərbaycanın 30 il davam edən Qarabağ münaqişəsi zamanı irəli sürdüyü yanaşmanın başqalarına da tətbiqidir. Yəni Azərbaycan məsələyə selektiv deyil, ümumi prinsip kimi baxır. Torpaqları işğala məruz qalan ölkənin Krım və digər əraziləri tanıması ziddiyyət təşkil edib".

 

Ekspert əlavə edib ki, Azərbaycan Rusiyanın bu açıq mesajlarına emosional və ya sərt ritorika ilə deyil, soyuqqanlı və prinsipial yanaşma ilə cavab verir:

 

" Bakı nə Rusiyanın, nə də Qərbin diktəsi ilə hərəkət etmir. Xarici siyasətini öz maraqları və beynəlxalq hüquq normaları əsasında formalaşdırır.

 

Bu mövqe yalnız Ukrayna əraziləri ilə bağlı deyil. Kosovodan Tayvana, Cənubi Osetiyadan Kəşmirə qədər Azərbaycanın yanaşması eyni prinsipə əsaslanır: tərəf yox, prinsip tutulur. Məhz bu siyasət ölkənin regionda müstəqil və balanslı oyunçu statusunu möhkəmləndirir".


Türkan Kərimli