İran və İsrail arasında sakitlik pozulub -Böyük müharibənin qapısı açılıb

Tarix: 11:29 13.06.2025
“İsrail İrana bir gecədə endirdiyi zərbələrlə özünün acı və ağrılı taleyinə imza atıb".
Bunu İranın ali dini lideri Seyid Əli Xamenei xalqa müraciətində deyib:
“Sionist rejim öz şər və qanlı əli ilə əziz ölkəmizdə cinayət törədib və yaşayış məntəqələrini vurmaqla öz çirkin mahiyyətini daha da üzə çıxarıb. Rejim sərt cavab gözləməlidir".
Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə "İnformator.az"a açıqlamasında bildirib ki, İranın İsrailə qarşı hərbi zərbələr endirəcəyi uzun müddətdir gözlənilən hadisə idi:
“Son iki ildən çoxdur ki, kəşfiyyat mübarizəsi daha da intensivləşib və İran daxilindəki boşluqlardan istifadə edən İsrail, nüvə zənginləşdirilməsi obyektlərinə ciddi zərbələr vurub. Eyni zamanda, SEPAH-ın yüksək rütbəli komandirləri və nüvə proqramında çalışan alimlər hədəfə alınaraq öldürülüblər. Bu hücumlar İran üçün ağır və strateji əhəmiyyətli zərbədir.
Nüvə obyektlərinin vurulması açıq mesajdır ki, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bu qarşıdurma regionda yeni ittifaqlara yol açmasa da, yaxın gələcəkdə İranın cavab reaksiyası diqqətlə izlənməlidir. İran artıq İsrailə qarşı dronlar və PUA-lardan istifadə etməklə cavab verəcəyini bildirib. Bu qarşıdurmanın Yaxın Şərqin digər bölgələrinə də yayıla biləcəyi ehtimalı yüksəkdir, bununla belə, Körfəz ölkələrində də gərginlik arta bilər".
Politoloq əlavə edib ki, belə gərginlik ABŞ neftinin qiymətinin yüksəlməsinə səbəb olub:
“Bu qiymət artımı gələcəkdə də davam edə bilər. Hazırda regionda genişmiqyaslı və sərt münaqişələrin baş verməsi real görünür. Bu, birbaşa olaraq İranın hərbi və iqtisadi imkanlarından asılıdır.
Hazırda İran ciddi zərbə alıb, İsrail isə mülki əhalini qorumaq üçün bunkerlərdə təhlükəsizlik tədbirlərini gücləndirir və ictimaiyyətə çağırışlar edir. Bu hadisələr siyasi xarakter daşıyır və Yaxın Şərqdə geosiyasi proseslərin sürətlə dəyişməsinə səbəb ola bilər".
Aytən Ağazadə