Çin, İndoneziyanı 10 günlük vizasız tranzit proqramına daxil edib

Tarix: 20:29 13.06.2025
Çin, digər ölkələrə səyahət zamanı 10 günədək vizasız keçid imkanı verdiyi ölkələr siyahısına İndoneziyanı da əlavə etdiyini bildirib.
Milli Miqrasiya İdarəsinin (NIA) verdiyi açıqlamaya görə, İndoneziyanın da əlavə olunması ilə 10 günlük vizasız tranzit proqramına daxil olan ölkələrin sayı 55-ə çatıb.
Proqram çərçivəsində ABŞ, Birləşmiş Krallıq, Kanada, Rusiya və Braziliya kimi ölkələrin vətəndaşları üçüncü bir ölkə və ya bölgəyə keçid zamanı Çində 10 günədək vizasız qala bilirlər.
Çin, COVID-19 pandemiyasından sonra azalan xarici səyahətləri canlandırmaq məqsədilə 2023-cü ilin noyabrında 54 ölkənin vətəndaşlarına bəzi bölgələrdə 72 saat, bəzilərində isə 144 saat vizasız keçid imkanı təqdim edib. Bu müddət 2024-cü ilin dekabrında 240 saata (10 günə) qədər artırılıb.
Pekin hökuməti həmçinin müxtəlif ölkələrlə viza azadlığı sazişləri bağlayaraq xaricdən Çinə səyahətləri artırmağı hədəfləyir. 2023-cü ilin dekabrında 6 ölkə ilə başlayan və 15 günlə məhdud olan viza azadlığı proqramı 30 günə qədər uzadılıb və proqramda iştirak edən ölkələrin sayı 47-yə çatıb.
Hazırda Çin 18 ölkəyə standart pasport sahibləri üçün qarşılıqlı viza azadlığı tətbiq edir. Türkiyənin də daxil olduğu bir çox ölkə ilə diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün qarşılıqlı viza azadlığı mövcuddur.
Mənbə: A HABER
Solmaz Muradova