Qərbi Azərbaycana qayıdışın koordinasiya mərkəzi gələcəkdə Naxçıvan ola bilər

Tarix: 21:28 13.06.2025
Bu barədə iyunun 13-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və Böyük Qayıdış” konfransı çərçivəsində jurnalistlərlə söhbət zamanı Qərbi Azərbaycan İcması (QAİ) Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov danışıb.
“Xalqımız Prezidentin Qərbi Azərbaycana Qayıdış ideyasını dəstəkləyir və bu məsələ artıq milliləşib, dövlətçilik ideologiyasının bir hissəsinə çevrilib. Xalqın dəstəklədiyi ideya isə mütləq həyata keçməlidir. Belə tədbirlərin son vaxtlar Naxçıvan Muxtar Respublikasında keçirilməsinin də özünəməxsus əhəmiyyəti var. Bu bölgə tarixən İrəvanla çox sıx əlaqədə olub. Hesab edirik ki, Qərbi Azərbaycana Qayıdış prosesinin koordinasiya mərkəzi gələcəkdə Naxçıvan Muxtar Respublikası ola bilər. Çünki Qərbi Azərbaycana, İrəvana, Göyçəyə, Ağbabaya və digər bölgələrə ən yaxın yer məhz Naxçıvandır",– deyə o bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi ciddi əhəmiyyət daşıyır:
“Azərbaycan bu məsələyə prinsipial yanaşır və Ermənistanla sülh müzakirələrində bu məsələyə toxunulur. Vaxtilə Qərbi Azərbaycandan deportasiya olunub, zorakılığa məruz qalan insanların ləyaqətli şəkildə geri döndürülməsinə çalışılır. Bu prosesdə Naxçıvan Qərbi Azərbaycana ən yaxın bölgələrdən biri olduğu üçün burada mühüm rol oynaya bilər. Cəmiyyətimizin buna münasibəti isə müsbətdir və bu ideya dəstəklənir".
Aygün Babayeva