Albinoz nədir və necə qorunmaq olar?-Oftalmoloq AÇIQLAYIR

Tarix: 21:00 14.06.2025
Bəzi insanlar dünyaya göz açanda bütövlükdə ağappaq olur. Hətta gözləri və kirpikləri də fərqli olur. Belə insanlara “albino” insan deyirlər.
Mövzu ilə bağlı oftalmoloq Gülşən Mirzəxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, albinoz melanin piqmentinin çatışmazlığı nəticəsində yaranan genetik xəstəlikdir:
“Albinozun iki əsas forması mövcuddur: okulokutanus albinoz və okulyar albinoz. Okulokutanus albinozda melanin piqmentinin çatışmazlığı dəridə, saçda və gözlərdə müşahidə olunur və bu forma daha çox rast gəlinir. Okulyar albinozda isə əsasən gözlərdə melanin piqmenti çatışmır, nəticədə göz rəngi çox açıq olur və digər göz xəstəlikləri meydana çıxa bilər. Albinozun əsas əlamətləri arasında saç və dərinin çox açıq rəngdə olması, gözdə nistaqm (gözün yuxarı-aşağı sürətli hərəkəti), fotofobiya (işığa qarşı həssaslıq), astiqmatizm (görmə qüsuru) və binokulyar görmənin pozulması (3D görmə qabiliyyətinin zəifləməsi) yer alır. Albinozun birbaşa müalicəsi yoxdur və ömürlük davam edən xəstəlik hesab olunur. Lakin xəstələr özlərini qorumaqla və vaxtında həkim, xüsusilə oftalmoloqun müayinəsindən keçməklə sağlamlıqlarını qorumağa çalışmalıdırlar”.
Oftalmoloq həmçinin qeyd edib ki, albinozlu şəxslər normal insanlarla eyni ömrü yaşaya bilirlər, lakin görmə problemləri vaxtında müalicə edilməzsə, vəziyyət ağırlaşa bilər:
“Refraksiyon pozğunluqlar varsa, vaxtında eynək taxılmalı, çəpgözlük (ambliopiya) kimi problemlər aradan qaldırılmalıdır. Albinozlu şəxslərin dərisi günəşin təsirinə qarşı çox həssasdır. Melanin piqmentinin olmaması səbəbindən dəridə qaralma olmur, günəş yanıqları tez-tez müşahidə olunur. Buna görə də günəşdən qoruyucu kremlərdən istifadə vacibdir. Günəş şüalarının zəif olduğu vaxtlarda açıq havada olmaq məsləhət görülür. Həmçinin, günəşdən qoruyucu eynəklər taxmaq gözlərin ultrabənövşəyi şüalardan zədələnməsinin qarşısını alır. Albinozlu insanların saç və dəri rəngi açıq olur, həmçinin kirpik və qaşları da daha açıq rəngdədir. Bu, onların xarici görünüşündə fərqlilik yaradır. Albinoz bədəndə melanin piqmentinə çevrilən fermenti əmələ gətirən genin çatışmazlığı səbəbindən yaranır. Bu xəstəlik irsən keçir. Yəni, hər iki valideyn daşıyıcı olduqda, uşağın albinozlu olması mümkündür. Valideynlərdən biri daşıyıcı, digəri sağlam olduqda isə uşağın albinozlu olması ehtimalı azdır. Genetik müayinələr vasitəsilə daşıyıcı olub-olmadığını öyrənmək mümkündür”.
Əminə Əliyeva