Elmi təlimlərin tələbələr və müəllimlər üçün faydaları

Bölmə: Sosial › ,
Tarix: 23:13 14.06.2025

 

 

Elmi təlimlər tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla birləşdirməsinə imkan yaradan mühüm fəaliyyətlərdən biridir. Bu cür təlimlər tələbələrin araşdırma qabiliyyətini inkişaf etdirir, elmi düşüncə tərzini formalaşdırır və onları gələcək peşə fəaliyyətinə daha hazırlıqlı edir. Müxtəlif sahələrdə təşkil olunan elmi seminarlar, laboratoriya işləri, layihə əsaslı təlimlər və interaktiv dərslər tələbələrin marağını artırmaqla yanaşı, onların innovativ düşünmə və problem həll etmə bacarıqlarını da gücləndirir. Bütün bunlar tələbələrin akademik və şəxsi inkişafına böyük töhfə verir.

 

Mövzu ilə bağlı ekspert Qoşqar Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, təlimlər müasir dövrdə çox vacibdir və gün keçdikcə təhsil sistemindəki dəyişikliklər nəticəsində təlimlər də inkişaf edir:

 

“Bir çox universitetlərdə müəllimlərin peşəkar hazırlığı düzgün təmin olunmur. Əlbəttə, bu bütün universitetlərə şamil deyil. Hər bir ali təhsil işçisinin il ərzində qoşulmalı olduğu bəzi təlimlər mövcuddur. Bəs bu təlimlər hər bir universitetdə təşkil olunurmu? Bu sualın cavabı, həqiqətən də, çox maraqlıdır. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, yaşından, təcrübəsindən, professor olub-olmamasından asılı olmayaraq, hər bir universitet müəllimi il ərzində müəyyən təlimlərə qoşulmalıdır. Artıq bir çox iş yerlərində və şirkətlərdə vəziyyət belədir. Yəni təlim, öyrənmək fasiləsiz davam edən prosesdir. Ona görə də, müxtəlif mövzuların il ərzində insanları çox yormadan işçilərə, professor-müəllim heyətinə ötürülməsinə böyük ehtiyac vardır. Amma biz bunu bir çox universitetlərimizdə davamlı olaraq müşahidə etmirik. Universitet müəllimlərinin müasir təlim strategiyalarını bilməsi, auditoriyanı idarə edə bilməsi, kommunikasiya qurması, bir sözlə, onların yumşaq bacarıqları və pedaqoji səriştələri sual altındadır. Onlar, adətən, mühazirə formasında dərslər keçirlər, ancaq müasir dövrdə universitet müəllimlərindən gözləntilər fərqlidir. Dərsin qurulmasından tələbəyə ötürülməsinə qədər hər şey dəyişir. Bu təkmilləşən təhsil sistemində görəsən, universitet müəllimləri dəyişirmi? Onların dəyişməsi üçün yeni dövrün tələblərinə uyğun müxtəlif təlimlər təşkil olunmalıdırmı?

Eyni zamanda, təlimlərin bir çoxunun keyfiyyətsiz olduğunu da demək istəyirəm. Bəzi təlimlər keçirilir, ancaq onlar çox qısamüddətli olur və iştirakçılar bu cür təlimlərə səhlənkar yanaşır. Buna görə də əsas öyrənmələr baş vermir. Təlimin öncəsində tədqiqat, ehtiyacların analizi, sonra təlimin keçirilməsi və təlimdən sonra öyrənilənlərin yoxlanılması – bunların hamısı, əlbəttə, diqqətdə saxlanılmalı məsələlərdir”.

 

Ekspert təlimlərdə interaktivliyin rolundan da danışıb:

 

“Təlimlərdə, əlbəttə, təlimi aparan şəxslə iştirakçılar arasında qarşılıqlı münasibət olmalıdır. İnteraktivlik dedikdə, hər iki tərəfin aktiv olduğu bir təlim nəzərdə tutulur. Əgər təlim sadəcə mühazirə formasında keçiriləcəksə, yəni müəllim danışacaq, digərləri sadəcə dinləyəcəksə, bu artıq təlim deyil. Təlim, əsasən, hər kəsin birlikdə işlədiyi praktiki prosesdir. Yoxsa bir nəfərin nəyisə danışıb göstərməsi ilə buna təlim adı vermək olmaz.

Tələbələr elmi təlimlərə, əsasən, icbari şəkildə dəvət olunmalıdırlar. Çünki onlar tələbədirlər, universitetə öyrənmək üçün gəlirlər. İcbari şəkildə müəyyən təlimlərə qoşulduqda, əgər onlar bu təlimlərin faydasını görə bilsələr, növbəti təlimlərə də öz istəkləri ilə qoşulmaq istəyəcəklər. Tələbələrdən onların maraq və ehtiyaclarına uyğun təlimlərin keçirilməsi barədə sorğu keçirmək və bu nəticələrə əsasən təlimləri planlaşdırmaq məqsədəuyğundur. Məncə, bu zaman tələbələr bu cür təlimlərə könüllü şəkildə qoşulacaqlar”.

 

Məmmədova Nəzrin