Kosmosdakı "gözlər"- Finlandiya mikropeykləri NATO-ya buludluqda və qaranlıqda görməyə kömək edəcək

Tarix: 14:19 24.06.2025
Finlandiyanın mikropeyklərin hazırlanması və istehsalı ilə məşğul olan "Iceye" aerokosmik şirkəti Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) strateji əməliyyat komandanlığına peyk məlumatları təqdim edəcək.
"İnformator.az" bu barədə şirkətin rəsmi saytına istinadən məlumat verir.
Bildirilib ki, şirkət NATO-ya SAR (yüksəkdəqiqlikli radar görüntüləmə sistemi) texnologiyası ilə təchiz olunmuş mikropeyklərdən əldə edilən görüntüləri təqdim edəcək. Bu peyklər günün istənilən vaxtında və istənilən hava şəraitində məlumat toplaya bilir. Bu da dəniz, quru və əlçatmaz ərazilərin fasiləsiz monitorinqini mümkün edir.
Şirkətin mütəxəssisləri qeyd ediblər ki, SAR peykləri yer səthinin 25 sm-ə qədər dəqiqliklə görüntülərini təqdim edir. Adətən görüntünün əldə olunması və məlumatın çatdırılması arasında 8 saata qədər vaxt keçsə də, bəzi hallarda bu müddət bir saatdan az ola bilər.
Qeyd edək ki, "Iceye" dünyanın ən böyük SAR peyk qrupuna sahibdir. Hazırda orbitdə şirkət və onun müştəriləri üçün istifadə olunan 48 ədəd SAR peyki fəaliyyət göstərir.