“Səfeh Trampa xəbərdarlıq edirik”-SEPAH

Bölmə: Siyasət › ,
Tarix: 19:37 24.06.2025

"Vaşinqton yenidən İrana hücum edərsə, İran ABŞ-yə daha sarsıdıcı cavab verəcək",- Bunu SEPAH-ın komandiri, briqada generalı Məhəmməd Pakpur deyib.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Əli Mustafa bildirir ki, Məhəmməd Pakpurun açıqlaması, sözsüz ki, sanki belə anlaqlı olmayan bir vəziyyətdə verilən bir açıqlamaya oxşayır:

 

"İranın indiki vəziyyətində Amerikanı hədələmək, anlaşılmazlıqla qarşılanır. Yəni ola bilsin ki, bunlar mesaj veriblər ki, biz belə sərt açıqlamalar verəcəyik. Daxili auditoriyanı sakitləşdirmək üçün sizə əhəmiyyət verməyin, yəni ciddiyə almayın. İranın belə açıqlamaları ciddi qəbul eləmir. Bu yalnız daxili auditoriyaya hesablanan bir şey ola bilər. Bunun bölgəyə təsiri ciddiyə alınarsa, razılaşdırılmayan bir açıqlamadırsa əlbəttə, gərginliyin artmasına təsir edə bilər. Əgər Tramp administrasiyası onu ciddi qəbul edərsə bu açıqlama gərginlik yarada bilər. Belə bir ehtimal var ki, Sepahın içində üçüncü qüvvə var, onlar məqsədli şəkildə İranla Amerikanı savaşdırmaq istəyiblər. Bu rejimin devrilməsində maraqlıdırlar, onlar ola bilsin, başqa hansısa dövlətlərə bağlıdırlar. Bir formada sanki qəsdən qarşıdurma yaradır və beləliklə də İranın dağılmasını istəyirlər. Düşünürlər ki, Amerika qəzəblənər və zərbələrini davam etdirər, o halda da rejim dağılar. Məqsəd İrana kömək etmək deyil, əksinə, İranın tez sıradan çıxmasına şərait yaratmaqdır”.

 

Həmçinin, şərhçi qeyd edib ki, Tramp administrasiyası bu təhdidi görəcəksə yəqin ki, gülümsəyəcəklər razılaşdırılmayıbsa da hiddətlənəcəklər, ya sözlə ya da hansısa bir dönəmdə əməllə öz etirazlarını bildirəcəklər:

 

“Trampın adının çəkilməsi İran və Amerika arasında diplomatik kanalların bağlanmasına mənasına gəlmir. Bildiyim qədər bu kanallar açıqdır. Hətta müharibənin gedişində Amerika ilə İranın arasında danışıqların olduğu deyilir. Aralarında telefon danışıqlarının olduğu da qeyd olunurdu. Ona görə də, məncə bu açıqlama ilə Amerika və İran arasındakı diplomatik əlaqələrin bağlılığı yoxdu. Danışıqlar və münasibətlər var. Sadəcə olaraq bu baş verənlər, cəmiyyətə təqdim olunanlar və gerçəkliklər olduqca fərqlidirlər. İranın belə bir açıqlama verməsi Çinin və Rusiyanın dəstəyini artıracağına da əmin deyiləm. Görünən səviyyədə nə Rusiya, nə də Çin İranı dəstəkləmədilər. Ya imkanları yox idi, ya da savaşa girmək istəmədilər. İsrail və Amerika ilə üz-üzə gəlmək istəmədilər. Hər halda Rusiyanın başı öz problemlərinə qarışıb. Amma Çin də yəqin ki, Amerika ilə üz-üzə gəlmək istəməyib”.

 

Aysel Mirzəyeva