Ali təhsil müəssisəsində ilk dəfə olaraq mobil rabitə laboratoriyası

Bölmə: Araşdırma › ,
Tarix: 14:02 15.04.2016

Azərbaycan Texniki Universitetində müasir texnikalarla təmin olunan GSM laboratoriyasının açılışı olub. “Azerfon” MMC və Azərbaycan Texniki Universiteti arasında imzalanmış birgə fəaliyyət müqaviləsi çərçivəsində istifadəyə verilən laboratoriyanın açılışında AzTU-nun rektoru, professor Havar Məmmədov, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Nar Mobile Şirkətinin Şəbəkə İstismarı üzrə Direktoru Şükür Məmmədov, eləcə də Universitetin müəllim və tələbə heyəti iştirak edib.

Universitet rəhbərliyi və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyub. Rektor Havar Məmmədov ümummilli liderin təhsilə göstərdiyi diqqətdən danışıb. Bildirilib ki, 90-cı illərin əvvəllərində çətin zamanlar olmasına baxmayaraq qısa müddətdə uzaqgörən siyasət və qətiyyət dövlət müstəqilliyinin təmin olunması, iqtisadiyyatın davamlı inkişafı, həmçinin təhsilin prioritet sahəyə çevrilməsi mümkün olub.

Daha sonra isə laboratoriyanın təntənəli açılışı olub. Rektor AzTU GSM laboratoriyasının istifadəyə verilməsini tarixi hadisə kimi qiymətləndirib. Professor Havar Məmmədov laboratoriyanın tələbələrə birbaşa istehsalla tanış olmaq, peşənin sirlərini əyani olaraq öyrənmək imkanı verdiyini deyib. “ Biz təhsil aldığımız dövrdə texnika və texnologiya bu səviyyədə inkişaf etməmişdi. Ona görə də biz sadə avadanlıqlarla işləmək məcburiyyətində idik. Amma indi bu avadanlıqlar tələbələrə nəzəri bilikləri təcrübəyə tətbiq etmək imkanı yaradır. Bu laboratoriya tələbələrimizə GSM avadanlığının istismarı, daxili GSM şəbəkəsinin yaradılması və ona nəzarət kimi xüsusi biliklərə yiyələnmək fürsəti verəcək.”

Qonaqlar, Rabitə və Yüksək Texnalogiyalar nazirinin müavini İltimas Məmmədov və Nar Mobile Şirkətinin Şəbəkə İstismarı üzrə Direktoru Şükür Məmmədov isə qürurla bir vaxtlar Texniki Universitetin tələbəsi olduqlarını xatırladıblar. Nazir müavini Universitetdə yaradılan şəraitin ən yüksək şəkildə bilik əldə etməyə imkan verdiyini bildirib.

Şükür Məmmədov isə bildirib ki, Nar Mobile Şirkəti tərəfindən bu cür bahalı avadanlıqların Universitetə hədiyyə edilməsi təsadüfü deyil. O, Nar Mobile şirkətinin əməkdaşlarının böyük əksəriyyətinin Azərbaycan Texniki Universitetinin məzunları olduğunu vurğulayıb.

Daha sonra Laboratoriyadan əyani olaraq istifadə edilib. Şəbəkə İstismarı üzrə mütəxəssislər laboratoriyadakı avadanlıqlar vasitəsi ilə iki mobil telefonun bir-biri ilə lokal şəbəkə vasitəsi ilə əlaqəsini qurub. Rektor Havar Məmmədov Nar Mobile əməkdaşları ilə ilk telefon əlaqəsini həyata keçirib.

Fəaliyyət planına əsasən həmçinin “Nar” mobil operatorunun peşəkar texniki işçi heyəti tələbələr üçün təlim kurslarının və seminarların keçirilməsini də təmin edəcək. Tədris mərkəzində mobil rabitə sahəsinə dair təlim dərsləri “LTE - mobil rabitənin yeni nəsli”, “İMS və NGN texnoklogiyası”, “İnternetə naqilsiz daxilolma texnologiyaları” “Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması” və “Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti” mövzularını əhatə edəcək. Təlimlərdə fərqlənən tələbələrə müxtəlif mükafatlar, təqaüdlər veriləcək və həmin tələbələr içərisində fərqlənənlər gələcəkdə “Azerfon” MMC şirkətində işləmək imkanı qazanacaq.