AzTU-nun tələbələri qalib oldu

Bölmə: Araşdırma › ,
Tarix: 09:36 02.05.2016

Aprelin 29-da "HYATT REGENCY" hotelində Minilliyin layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin (AFC) 10 illik yubileyi və "Gələcək nəsillərlə üz-üzə" VI ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə Rabitə və İnformasiya Texnologiyaları (RİTN), Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və AFC-nin birgə təşkilatçılığı ilə baş tutub.

Kolleclərin, IX-XI sinif orta məktəb şagirdlərinin və universitet tələbələrinin iştirak etdiyi müsabiqənin inşa mövzusu 15 Qlobal Çağırış üzrə müəyyənləşib.

Respublika üzrə 1200-ə yaxın iştirakçının qatıldığı müsabiqədə 80 nəfər qalib olub. Qaliblərdən 3-ü Azərbaycan Texniki Universitetinin tələbəsidir.

Müsabiqəyə təqdim edilən inşa yazıları əsasən dünya və cəmiyyətin gələcəkdə qarşılaşacağı qlobal problemlərə həsr olunub. Bunlardan iqlim dəyişməsi, içməli su problemləri əsas olaraq qabardılıb. 

Mükafatlandırma mərasimində çıxış edən AzTU-nun Elm və texnika üzrə prorektoru İlham Pirməmmədov ilk olaraq Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovaya AzTU-nun rektoru, professor Havar Məmmədovun təbrikini çatdırıb. Daha sonra prorektor qalib tələbələrə mükafatlarını təqdim edib.

Qalib olan digər tələbələri isə Gənclər və İdman naziri Azad Rəhimov, AQUPDK-nin sədri Hicran Hüseynova, Təhsil nazirinin müavini Firudin Qurbanov, RİTN-nin müavini Elmir Vəlizadə və digər qonaqlar mükafatlandırıb.