“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 20:53 02.07.2025

"İlk dəfə belə mötəbər turnirə vəsiqə qazanan “Sabah" klubu üçün püşkün nəticəsi bir qədər çətin görünür. Çünki qrupda, qitənin bir nömrəli klub turniri sayılan Avroliqada uzun illər iştirak etmiş Almaniyanin "Alba" (Berlin) və Çexiya çempionu "Nymburk" rəqibimiz oldu. Qrupda sonuncu klub təsnifat oyunlarında müəyyənləşəcək".

 

Bu fikirləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, "Alba" bu mövsümdə Basketbol Çempionlar Liqasında debüt edəcək. Komanda çox güclü heyətə malikdir:


"Çexlər isə bizə çox yaxşı tanışdır. Ötən mövsüm "Sabah" bu rəqiblə FİBA Avropa Kubokunun qrup mərhələsində üz-üzə gəlib. Bir sözlə, rəqiblər basketbol ənənələri olan klublardır və onlara qarşı mübarizə aparmaq heç də asan olmayacaq. İnanaq ki, təcrübəli litvalı mütəxəssis Rimas Kurtinaytis transfer həmlələri ilə rəqiblərə qarşı planlar hazırlaya biləcək. Yəqin ki, əsas diqqət rəqiblərin oyun tərzinin təhlilinə, basketbolçuların mövqelər üzrə uyğunlaşmasına yönəldiləcək. Klub rəhbərliyinin məşqçiyə güvənməsi də vacibdir və bu məsələdə hansısa problem olacağını düşünmürəm".

 

Zəhra Möhübbətova