Azərbaycan və Özbəkistan nəqliyyat sahəsində strateji əməkdaşlığa başlayır

Tarix: 14:24 04.07.2025
Azərbaycan və Özbəkistan rəqəmsal nəqliyyat və beynəlxalq yük daşımaları sahəsində əməkdaşlığı müzakirə ediblər. Nümayəndə heyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası və beynəlxalq yük daşımaları ilə məşğul olan nəqliyyat şirkətlərinin nümayəndələri daxil olub.
Səfər çərçivəsində azərbaycanlı mütəxəssislər Özbəkistan Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən “Rəqəmsal Nəqliyyat Mərkəzi” ilə tanış olublar. Nümayəndə heyəti, həmçinin beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, milli daşıyıcıların iştirakının genişləndirilməsi və iki ölkənin daşıyıcıları arasında əlaqələrin inkişafı məsələlərini müzakirə edib.
Bu məsələ ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, tərəflərin imzaladığı sənədlərin qısa müddətdə yol xəritəsi halına salınması və bu sahədə birgə fəaliyyətin həyata keçirilməsi vacibdir:
“Azərbaycan və Özbəkistan arasında nəqliyyat və kommunikasiya sahəsində, xüsusilə də rəqəmsal inkişafla bağlı sənədlər artıq imzalanıb. Bu əməkdaşlığın əsas məqsədi hər iki tərəfin təcrübə mübadiləsini həyata keçirməkdir.
Qeyd etmək lazımdır ki, hazırda Özbəkistanda Cənubi Koreya, Yaponiya və Çin kimi ölkələrin nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərinin zavod və fabrikləri mövcuddur. Özbəkistanın bu sahədə kifayət qədər təcrübə toplaması Azərbaycanın da bu təcrübədən daha geniş şəkildə yararlanmasına imkan yaradır.
İmzalanan sənədlər arasında Rəqəmsal Nəqliyyat Mərkəzinin fəaliyyətinə dəstək verəcək bir sıra işlərin hazırlanması da nəzərdə tutulur. Təbii ki, tərəflərin imzaladığı sənədlərin qısa müddətdə bir yol xəritəsi halına salınması və bu sahədə birgə fəaliyyətin həyata keçirilməsi vacibdir.
Hesab edirəm ki, Azərbaycanın nümayəndələrinin Özbəkistana səfər edərək bu təcrübəni yerində öyrənməsi və əldə olunan bilikləri ölkədə tətbiq etməsi nəqliyyat və kommunikasiya sahəsində inkişafı daha da sürətləndirə bilər. Eyni zamanda bu əməkdaşlıq yükdaşıma xidmətlərinin təkmilləşdirilməsinə də müsbət təsir göstərə bilər.
Belə sənədlərin imzalanması və təcrübə mübadiləsinin aparılması hər iki tərəfə böyük perspektivlər qazandıra bilər".
Xədicə Məhərrəmli