Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə olub

Tarix: 15:31 04.07.2025
Rusiya Talibanın rəhbərlik etdiyi Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə olub.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Əfqanıstanın yeni hakimiyyətinin legitimliyini tanıması Kremlin düşdüyü indiki vəziyyəti əks etdirir:
“Taliban Rusiyada terrorçu təşkilat kimi tanınıb. Lakin hazırda Rusiya elə bir vəziyyətdədir ki, Talibanı Əfqanıstanın legitim hakimiyyəti kimi tanımaq məcburiyyətində qalıb. Çünki Rusiya dünyada təcrid olunmuş vəziyyətdədir və alternativ dünyaya çıxış pəncərələri axtarır. Bu səbəbdən də indi Əfqanıstan Rusiyaya cəlbedici ölkə kimi görünür. ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxmasından sonra Rusiya həmin boşluğu doldurmağa çalışır.
Əfqanıstan Rusiya üçün həm Sakit okeana çıxış, həm də region ölkələri ilə əməkdaşlıq və iqtisadi-ticari münasibətlər baxımından yeni marşrut rolunu oynayır. Nəzərə almaq lazımdır ki, Əfqanıstanın hazırda düşdüyü vəziyyətin əsas səbəbkarı məhz keçmiş SSRİ-dir. Çünki Əfqanıstanda sabit və qanuni hakimiyyət mövcud idi. Ötən əsrin 70-ci illərində SSRİ-nin “Alfa” xüsusi təyinatlı dəstəsi Əfqanıstanda qanuni hakimiyyəti devirdi və SSRİ-yə bağlı bir qondarma rejim qurdu. Əfqanıstanı sosialist dövlətlər sırasına daxil etməyə cəhd etdilər. Lakin bu, o qədər uğursuz bir cəhd idi ki, nəticədə Əfqanıstan onilliklərlə xaos və faciəvi daxili vəziyyətlə üz-üzə qaldı.
Talibanın hakimiyyətə gəlməsindən sonra Əfqanıstan yenidən dövlət quruculuğu mərhələsinə daxil olub. Rusiya isə bu dövlətlə fərqli münasibətlər qurmağa çalışır. Yəni, bir zamanlar özünün viran qoyduğu ölkəyə bu gün yenidən möhtac vəziyyətə düşüb. Təbii ki, bu, Taliban hakimiyyəti üçün də yeni imkanlar açır. Çünki Taliban beynəlxalq aləmdə legitimliyinin tanınmasında maraqlıdır.
Hazırda hesab edirəm ki, Əfqanıstan uğrunda yeni bir mübarizə başlayıb. Rusiyanın bu ölkəyə asanlıqla nüfuz etməsinə imkan verilməyəcək. Çünki Əfqanıstan həm Çin, həm də Qərb üçün mühüm geosiyasi əhəmiyyət daşıyır və bu ölkələrin də burada ciddi maraqları mövcuddur".
Çimnaz Telmanqızı