Yəməndəki “Ənsar Allah” hərəkatına bağlı husilər İsrailin bir sıra mühüm infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endiriblər. 


"İnformator.az" xəbər verir ki, bu barədə husilərin silahlı qanadının nümayəndəsi Yəhya Saria məlumat verib.

 

Hədəf alınan obyektlər sırasında Təl-Əvivdə yerləşən Ben Qurion hava limanı, Aşdod və Eylatdakı dəniz limanları, həmçinin Aşkelondakı elektrik stansiyası yer alıb.

 

Nümayəndə bildirib ki, hücum İsrail Hərbi Hava Qüvvələrinin Yəməndəki Hudeydə, Ras İsa və Əs-Salif limanlarına, eləcə də husilərin nəzarətində olan Ras əl-Xətib elektrik stansiyasına endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.

 

Onun sözlərinə görə, üsyançı qüvvələr İsrail istiqamətinə ümumilikdə 11 raket və pilotsuz uçuş aparatı göndəriblər. Xüsusilə, Təl-Əviv hava limanı, Eylat limanı və Aşkelondakı elektrik stansiyası hipersəs ballistik raketlərlə vurulub.