BRİKS sammiti Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya endirdiyi zərbələri pisləyib

Bölmə: Dünya › ,
Tarix: 13:22 07.07.2025

Braziliyada keçirilən BRİKS ölkələrinin iclası çoxqütblü dünyanın qurulmasında öz rolunu müəyyənləşdirdi. Rio-de-Janeyroda baş tutan sammitin yekun bəyannaməsində BRİKS iştirakçıları Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Bryansk, Kursk və Voronej vilayətlərindəki dəmir yolu infrastrukturuna endirdiyi zərbələri pislədilər. Lakin Rusiya tərəfindən Ukrayna şəhərlərinə demək olar ki, hər gün həyata keçirilən kütləvi hücumlar sənəddə qeyd olunmayıb, Ukraynanın adı bu kontekstdə cəmi bir dəfə çəkilib.

 

Toplantı iştirakçıları münaqişənin davamlı şəkildə həllinə ümid etdiklərini bildirərək Afrika Sülh Təşəbbüsünün və Sülh Dostları Qrupunun vasitəçilik potensialına istinad ediblər. Bu ifadələr sammitə videobağlantı ilə qatılan Vladimir Putin tərəfindən də dəstəklənib. Konfransın ev sahibi, Braziliya Prezidenti Luis İnasio Lula da Silva bildirib ki, beynəlxalq idarəçiliyin qeyri-kamil olduğu indiki dövrdə çoxqütblü dünyanın qurulmasında vasitəçi rolunu məhz BRİKS ölkələri öz üzərinə götürə bilər – onların müxtəlifliyi və geniş təmsilçiliyi sayəsində.
Xarici siyasi gündəliklə yanaşı – Ukraynadan tutmuş Yaxın Şərq və Sudana qədər – sammit iştirakçıları terrorizmə qarşı mübarizə və kosmosun tədqiqi də daxil olmaqla geniş mövzulara toxunublar. Onlar, sənəddə qeyd olunduğu kimi, “qlobal ticarətə təhlükə yaradan birtərəfli tədbirlərdən” narahat olduqlarını ifadə ediblər. Bu ifadədə ABŞ-nin adı birbaşa çəkilməsə də, tarif sistemindəki dəyişikliklərin arxasında məhz Vaşinqtonun dayandığına eyham vurulur.
Prezident Tramp BRİKS-in “anti-Amerika qərarlarını” dəstəkləyəcək ölkələrə əlavə rüsumlarla hədə-qorxu gəlib.


Euronews
Fatimə Heydərova