“Meşə yanğınları təkcə iqlim dəyişikliyi ilə bağlı deyil”

Tarix: 13:25 07.07.2025
Yay mövsümünün qızğın çağında dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları bir daha bu təhlükənin nə qədər ciddi və real olduğunu ortaya qoyur. Mütəxəssislər bu hadisələrin səbəblərinə dair fərqli fikirlər səsləndirirlər.
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli "İnformator.az" saytına açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri artıq elmi şəkildə sübuta yetirilib və Yer kürəsində orta illik temperaturun artması müşahidə olunur:
"Havanın hərarətinin artması, yağıntıların qeyri-sabit olması və quraqlıq halları meşə yanğınlarına zəmin yaradır. Amma bu, tək səbəb deyil. Bəzi hallarda insanlar tərəfindən edilən səhlənkarlıq, hətta təxribatlar yanğınların baş verməsində birbaşa rol oynayır. Xüsusilə yay aylarında meşə və meşəətrafı zonalarda istirahət edən insanlar ocaqları tam söndürmədən ərazini tərk edirlər, siqaret izmaritlərini yanan halda atırlar və bu cür məsuliyyətsiz davranışlar fəlakətə səbəb olur. Bu, bir mədəniyyət məsələsidir. Yanğın təhlükəsinə qarşı cəmiyyət maarifləndirilməli, hər kəs məsuliyyət daşımalıdır. Meşəyə gedəndə yanğın təhlükəsizliyi tədbirləri şərtdir. Bu, sadəcə dövlətin yox, vətəndaşın da borcudur".
Ekoloq həmçinin vurğulayıb ki, bəzi yanğınlar, xüsusən də Türkiyədə son illər yaşananlar, təxribat ehtimalı ilə də əlaqələndirilir:
“Qardaş Türkiyədə bəzi meşə yanğınlarının təxribat nəticəsində baş verdiyi istisna edilmir. Eyni zamanda Yunanıstanda və Cənubi Amerikada baş verən yanğınların da müxtəlif səbəbləri var. Cənubi Amerikada isə bəzən kriminallar meşələri qəsdən yandıraraq sahələri təmizləyir və bu ərazilərdə narkotik bitkilər yetişdirirlər. Bizdə meşə sahələri çox deyil. Ona görə bu sərvətləri qorumalıyıq. Ən kiçik diqqətsizlik böyük faciəyə səbəb ola bilər.
Şükür ki, Türkiyənin artıq PUA-ları var, Azərbaycanın da dəstəyi ilə bu yanğınların qarşısı alınır. Amma əsas məsələ odur ki, bu halların baş verməsinin qarşısı öncədən alınmalıdır. Bunun üçün həm texnika, həm də insan məsuliyyəti ön planda olmalıdır".
Ayan Əsgərova