Azərbaycan və Almaniya siyasi və iqtisadi əməkdaşlığı genişləndirir

Tarix: 13:29 07.07.2025
Berlin şəhərində Azərbaycan və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Konrad Arz von Straussenburq rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin cari durumu müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.
Bu məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, iki ölkə arasında siyasi məsləhətləşmələr xüsusi əhəmiyyət daşıyır:
"Almaniya Avropa İttifaqının lokomotiv ölkəsidir. Həm iqtisadi potensial baxımından, həm də siyasi çəki nöqteyi-nəzərindən Almaniya mühüm rol oynayır. Bu səbəbdən, Avropa İttifaqı dedikdə Almaniya ilə əməkdaşlıq, siyasi və iqtisadi sahələrdə qarşılıqlı münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə aparılan müzakirələr böyük önəm daşıyır.
Almaniya ilə Azərbaycan arasında mövcud ticarət əlaqələri möhkəmdir və davamlı inkişaf edir. Lakin bu əməkdaşlıq hələ də hər iki ölkənin iqtisadi potensialına tam uyğun səviyyədə deyil. Bu əlaqələrin daha sürətli inkişaf etməsi, yeni sahələr üzrə genişlənməsi məqsədəuyğundur. Avropa İttifaqı ilə münasibətlərimizdə də Almaniya ilə iqtisadi və ticarət sahəsində əməkdaşlıq mühüm yer tutur. İki ölkə arasında siyasi məsləhətləşmələr xüsusi əhəmiyyət daşıyır. Bu məsləhətləşmələrin əsas məqsədi ölkələrimiz arasında siyasi, iqtisadi və ticari münasibətlərin davamlı inkişafını təmin etməkdir. Almaniya Avropa İttifaqının digər bəzi üzv dövlətlərindən fərqli olaraq Azərbaycan üçün heç vaxt ciddi siyasi problemlər yaratmayıb. Almaniya, Azərbaycanın ərazi bütövlüyünü ölkəmiz torpaqlarını işğaldan azad etməmişdən əvvəl də dəstəklədiyini dəfələrlə bəyan etmişdir. 44 günlük Vətən müharibəsi dövründə də Almaniya Fransadan fərqli olaraq Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi istiqamətində atdığı addımlara qarşı çıxmayıb.
Hazırda Azərbaycan və Almaniya arasında siyasi baxımdan ciddi problem mövcud deyil. Lakin iqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsi, intensiv qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin artırılması ölkəmiz üçün böyük töhfələr verə bilər".
Xədicə Məhərrəmli