İsrail xalqı Qəzzada heç kimi günahsız görmür

Bölmə: Dünya › ,
Tarix: 17:21 07.07.2025

İsraildə keçirilən sorğu yəhudi icmasının böyük bir hissəsinin “Qəzzada günahsız insanların olmadığına” inandığını ortaya qoydu. Fələstinlilərə qarşı nifrət dolu sözlər adi hala çevrilib, soyqırımı qanuniləşdirən mentalitet geniş vüsət alıb.

 

İyun ayında Qüds İbrani Universitetinin keçirdiyi sorğu İsrail cəmiyyətində fələstinlilərə qarşı nifrətin necə institutlaşdığını üzə çıxarıb. Sorğuya görə, İsrail yəhudilərinin böyük əksəriyyəti “Qəzzada günahsız insan yoxdur” fikri ilə razıdır.

 

Ümumilikdə hər üç israillidən ikisi bu fikri paylaşsa da, yəhudi əhali arasında bu nisbət daha yüksəkdir.

 

Fələstin əsilli İsrail vətəndaşlarının 92 faizi bu açıqlamaya qarşı çıxdığı halda, bu ifadəni mənimsəyən yəhudi israillilərin nisbəti diqqətəlayiq həddə çatıb və yüzdə 64-ü keçib.

 

Sorğunun bu nəticəsi göstərir ki, təkcə siyasi ifratçılar deyil, bütövlükdə cəmiyyətin bütün təbəqələri Qəzzə xalqını hədəf kimi görür. Üstəlik, bu fikir təkcə hökumət tərəfdarları ilə məhdudlaşmır.

 

Hökumət tərəfdarlarının 87 faizi, sağ müxalifətin 73 faizi, mərkəz seçicilərinin 63 faizi və özlərini “solçu” kimi təqdim edənlərin 30 faizi “Qəzzada günahsız insan yoxdur” fikri ilə razılaşır.

 

Nifrət nitqi yeni deyil, sistemli bir ideoloji çöküşdür

 

İsrailin mülki şəxslərə münasibəti təkcə oktyabrın 7-dən sonra ortaya çıxan müharibə psixologiyasının məhsulu deyil.

 

2018-ci ildə o vaxtkı müdafiə naziri Aviqdor Liberman Qəzza üçün “günahsızlar yoxdur”,-demişdi. 2023-cü ildə prezident İsaak Hersoq da eyni dildən istifadə etdi və “orada yaşayan hər kəs məsuliyyət daşıyır” deyərək soyqırım ittihamlarının əsasını təşkil edən bəyanatlar verdi.

 

Bu sözlər Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı soyqırım işində Beynəlxalq Ədalət Məhkəməsində sübut kimi təqdim edilib.

 

İsraildə radikalizm adi hala çevrilib

 

İsrail mətbuatı Haaretz bir çox valideynin övladlarının müharibədən sonra evlərinə “radikallaşaraq” qayıtdıqlarını və uşaqların mülki şəxslərin öldürülməsini təsdiqləyən irqçi və ayrı-seçkilik xarakterli diskussiyaları qəbul etdiklərini bildirdi. Lakin ekspertlərin fikrincə, bu transformasiya təkcə uşaqlara deyil, bütün cəmiyyətə yayılıb.

 

İlanın başı anadır” təfəkkürü indi nazir kürsüsündədir

 

2014-cü ildə Qəzzaya hücumlar zamanı o vaxtkı millət vəkili Ayelet Shaked sosial şəbəkədə bu sözləri paylaşıb:

 

"Hər terrorçunun arxasında onlarla insan dayanır. Onların hamısı müharibənin bir parçasıdır. Onların qanı əllərindədir. Xüsusilə də şəhid anaları... Oğulları ilə getməlidirlər".

 

Tezliklə bu ifadələri silən Şaked bir ildən sonra ədliyyə naziri oldu. Həmin vaxt o, “Faşizm” adlı ətir parodiyası ilə özünü ələ salıb və “Mənə bu demokratiya iyi gəlir”,-deyib.

 

Mülki insanlara nifrət adi hala çevrilib, soyqırım diskursları normallaşıb

 

Sorğunun nəticələri göstərir ki, İsrail cəmiyyəti təkcə hərbi deyil, həm də mental olaraq sistemli şəkildə radikallaşır.

 

Fələstinli mülki şəxslərə qarşı nifrətin orduda deyil, küçələrdə, məktəblərdə, evdə, siyasi partiya toplantılarında formalaşdığı bir quruluşun olması diqqəti cəlb edir.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli