Qəzzada atəşkəs sazişinə ABŞ-nin zəmanətləri daxil ediləcək

Tarix: 20:20 07.07.2025
Qəzza sektorunda atəşkəsin əldə olunması ilə bağlı İsrail və Fələstinin HƏMAS hərəkatı arasında sazişə tərəflərin döyüş əməliyyatlarını yenidən başlamayacağına dair ABŞ-nin zəmanətləri daxil ediləcək.
Mövzu ilə bağlı “İnformator.az” a politoloq Natiq Miri bildirir ki, HƏMAS ABŞ və bu yöndə İsraili dəstəkləyən heç bir güc mərkəzinə, təbii ki, etibar etmir:
“Ancaq buna rəğmən Həmasın seçimi də o qədər böyük deyil. Çünki getdikcə Həmasın liderləri bir-bir məhv edilir, zəiflədilir və dirəniş imkanları tükədilir. İkincisi, Qəzzada baş verən bütün dağıntılar insanları böyük məhrumiyyətlərə düçar edib və bu kontekstdə bundan istifadə edən İsrail yerli əhalini həmasa qarşı qaldırır. Baş verənlərin baiskarı kimi bilavasitə təmas göstərilir. Zaman-zaman HƏMAS təşkilatına qarşı yerli əhalinin etirazlarını da biz müşahidə etməkdəyik. Həması dəstəkləyəcək nəqədər Ərəb ölkələri var. Danışıqlarda vasitəçi olmaq, buna şərait yaratmaq başqa məsələdir. Ancaq real olaraq Həmasa bütün cəhətdən yardım etmək tamamilə başqa bir məsələdir. İş ciddiyyətə gələndə heç bir ərəb ölkəsi özünün geosiyasi maraqlarını adlamaq istəmir, xüsusilə də Amerika Birləşmiş Ştatlarına qarşı çıxmaq istəmir. Birbaşa bu prosesdə bu qarşıdurmada müharibədə iştirak etmək istəmirlər. Sözdə bəyanatlar verilə bilər. Ancaq bu bəyanatlar heç biri işə yaramır, çünki İsrail bu bəyanatları dinləmir və dinləmək istəmir”.
Həmçinin şərhçi qeyd edir ki, hər münaqişənin özünün xüsusiyyətləri, spesifikası var:
“Məsələn, Rusiya-Ukrayna müharibəsində ABŞ-nin bu səviyyədə rolu nəzərə alınmır. Doğrudur, masa arxasında danışıqlar görüntüsü yaradılır. Ancaq başqa tərəfdən Rusiya yenə də müharibəni davam etdirir. Bütün mülki, qeyri-mülki infrastrukturu bombalamağa, yaşayış məskənlərini dağıtmağa davam edir. Yəni kütləvi olaraq insanlar qırılmağa davam edir və Rusiya bu müharibəni bitirməkdə maraqlı görsənmir. Belə bir vəziyyətdə ABŞ-nin vasitəçiliyi heç bir işə yaramır. Tramp artıq bunu açıq şəkildə etiraf etməyə başlayıb. Yəni ən azından bu cür çıxışlar tamamilə yerini reallığa verib. İndi etiraf etməyə başlayıb ki, Putin müharibəni dayandırmaq istəmir və bu da onu göstərir ki, hər münaqişə fərqlidir. ABŞ-nin müxtəlif dövlətlərə təsir imkanları fərqlidir. Deyək ki, bu gün ABŞ-dən asılı olan bir İsrail dövləti var və belə olduğu təqdirdə İsrail ABŞ-nin geosiyasi istəklərini nəzərə almaq məcburiyyətindədir. Ancaq Rusiyanın belə bir məcburiyyəti yoxdur və yaxud perspektivdə Çinin digər dövlətlərin, yəni ABŞ-yə qarşı olan dövlətlərin ABŞ-lə rəqabətdə olan dövlətlərin belə məcburiyyəti yoxdur. Belə olduğu təqdirdə ABŞ-nin də təsir imkanları bu cür dövlətlərin daxil olduğu münaqişələrə təsir imkanları zəif olur. Ona görə də ABŞ hər bir münaqişədə zəmanətçi deyil və ola da bilməz”.
Aysel Mirzəyeva