Ukrayna ABŞ-dəki diplomatik təmsilçiliyini gücləndirməyə çalışır

Tarix: 14:09 08.07.2025
Ukrayna ABŞ-dəki səfirini dəyişməyə hazırlaşır. Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla cümə günü baş tutan telefon danışığı zamanı Vaşinqtondakı səfir Oksana Markarovanın dəyişdirilməsi məsələsini müzakirə edib.
Bu barədə Bloomberg agentliyi adının açıqlanmasını istəməyən mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqtonda Ukraynanın yeni səfiri postuna bir neçə yüksək vəzifəli şəxsin namizədliyi nəzərdən keçirilir. Potensial namizədlər sırasında Baş nazir Denis Şmıxal, Baş nazirin müavini Olha Stefanişina, Müdafiə naziri Rustem Umerov və Energetika naziri German Qaluşenko yer alır.
Agentliyin məlumatına əsasən, Prezident Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə yeni səfir təyinatı ilə bağlı ABŞ tərəfi ilə danışıqlar aparmağı tapşırıb.
Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda ABŞ və Ukrayna arasındakı münasibətlər o qədər də pozitiv məzmun daşımır:
"Tramp administrasiyası daha çox Rusiya yönümlü siyasət yürüdür və Ukrayna müharibəsinə dair Kremlin narativlərini dəstəkləyir. Eyni zamanda, Ukraynaya qarşı kifayət qədər ciddi ittihamlar irəli sürür. Bu səbəbdən hesab etmək olar ki, hazırda Ukrayna–ABŞ münasibətləri kifayət qədər neqativ istiqamətdə inkişaf edir.
Böyük ehtimalla, rəsmi Kiyev, yəni Zelenski hakimiyyəti, hesab edir ki, Ukraynanın ABŞ-dəki səfiri öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Çünki iki ölkə arasındakı problemlərin həllində səfirin fəaliyyəti böyük əhəmiyyət daşıyır. Rəsmi Kiyev Ukrayna səfirinin Tramp administrasiyası ilə normal münasibətlər qura bilməməsindən narahatdır.
Digər tərəfdən, indiki situasiyada, yəni Tramp administrasiyasının demək olar ki, Rusiyanı dəstəklədiyi şəraitdə, Ukrayna üçün olduqca vacibdir ki, ölkənin maraqları və mövcud vəziyyət tam şəkildə Tramp administrasiyasının diqqətinə çatdırılsın. Bu, ABŞ-nin Ukraynaya dəstək verməsinə əlverişli şərait yarada bilər.
Buna görə də Zelenski hakimiyyəti yeni səfir kimi, dövlətin siyasətini müəyyən etmiş, indiyədək xarici siyasəti formalaşdırmış və dövlət idarəçiliyində yüksək səviyyədə təcrübəsi olan şəxslərin təyin edilməsini vacib hesab edir. Güman etmək olar ki, bu şəxslər mövcud situasiya çərçivəsində Tramp administrasiyasını ABŞ-ın Ukraynaya dəstək verməsinin zəruriliyinə inandırmağa çalışacaqlar".
Aytən Ağazadə