Sumqayıt şəhərində “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir keçirilib

Tarix: 20:46 08.07.2025
Sumqayıt şəhərində “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xoşqədəm Alıyeva, Sumqayıt KOB dostları – Xəyal Məmmədzadə və Natiq Zərbi, Sumqayıt Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova, eləcə də şəhərdə məskunlaşmış məcburi köçkün qadınlar və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, ictimai birliyin sədri Elnarə Məhərrəmova layihənin məqsəd və vəzifələri, habelə donor təşkilat haqqında ətraflı məlumat verib. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaranan yeni sosial-iqtisadi reallıqlar, qadınların məşğulluq imkanlarının artırılması və iqtisadi iştirakları geniş şəkildə müzakirə olunub.
Layihənin eksperti Rəşad Həsənov çıxışında uzun illər davam edən işğal və məcburi köçkünlüyün insanların həyatına təsirindən danışıb. O bildirib ki, yeni şəraitə uyğunlaşmaq, iş tapmaq və ailə üçün dayanıqlı gəlir mənbəyi formalaşdırmaq çətin prosesdir. Onun sözlərinə görə, azad olunmuş ərazilərdə davamlı məşğulluğun təmin olunması, xüsusilə qadınların kənd təsərrüfatı və xidmət sektorlarında peşə bacarıqlarının artırılması əsas prioritetlərdəndir.
KOBİA nümayəndəsi Natiq Zərbi sahibkarlığın inkişafı üçün mövcud dövlət dəstəyi mexanizmləri barədə danışaraq bildirib ki, hüquqi yardım, biznes planların hazırlanması və maarifləndirici tədbirlər sahibkar olmaq istəyən hər kəs üçün əlçatandır. O əlavə edib ki, 2026-cı ilə qədər 12 min nəfərin peşə təlimlərinə cəlb olunması planlaşdırılır.
Günel Ələkbərova qadınların sahibkarlıq sahəsində əldə etdikləri uğurlar barədə danışaraq qeyd edib ki, yerli qadınların hazırladıqları məhsullar artıq İngiltərə, ABŞ və digər ölkələrə ixrac edilir. Onun sözlərinə görə, peşə təlimləri qadınların özünəinamını bərpa etməsinə, sosial izolasiya vəziyyətindən çıxmasına və iqtisadi müstəqillik əldə etməsinə böyük təsir göstərir. Hazırda 15-dən çox rayonda uğurlu sahibkar qadın nümunələri mövcuddur.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov çıxışında qadınların maarifləndirilməsi və peşə yönümünün inkişafının cəmiyyətin tərəqqisindəki rolunu vurğulayıb. O bildirib ki, artıq müasir dövrdə təkcə ali təhsil deyil, peşə təhsili və praktiki bacarıqlar da ön plana çıxıb. Peşəkar sənət sahibləri bəzən ali təhsilli şəxslərdən daha yüksək gəlir əldə edə bilirlər.
Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xoşqədəm Alıyeva isə çıxışında azad olunmuş ərazilərə mərhələli qayıdış və bərpa-quruculuq işləri barədə məlumat verib. O bildirib ki, bu ilin sonuna qədər Mağruzlu və Zilanlı kəndlərinə köç planlaşdırılır və qadınların iqtisadi fəaliyyətə cəlbi bu prosesin uğuruna mühüm töhfə verəcək.
Tədbirin sonunda iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, qadınların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində birgə addımlar və əməkdaşlıq imkanları müzakirə olunub.
Layihənin rəhbəri Elnarə Məhərrəmova tədbirin həyata keçirilməsinə və göstərilən dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, eləcə də Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, Qubadlı İcra Hakimiyyətinin başçısı Malik İsaqova və bütün iştirakçılara təşəkkürünü bildirib.