Piyadaların günahı ucbatından baş verən qəzaların artma səbəbi nədir?

Tarix: 21:21 08.07.2025
Qanunlardamı boşluq var, yoxsa maarifləndirmə zəifdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov "İnformator.az"a açıqlamasında bildirib ki, bu problemin həlli üçün yol hərəkəti qaydaları orta məktəblərdə ayrıca bir fənn kimi tədris olunmalıdır:
"Əsas məsələ ondan ibarətdir ki, vətəndaşlarımızın böyük əksəriyyəti yol hərəkəti qaydalarını bilmir, buna istər sürücülər, istərsə də piyadalar aiddir. Bu problemin həlli üçün yol hərəkəti qaydaları orta məktəblərdə ayrıca bir fənn kimi tədris olunmalıdır. Sadəcə başqa bir fənnin içində deyil, müstəqil şəkildə, həftədə ən azı bir dərs saatı bu mövzuya həsr edilməlidir. Piyada vurulması hallarında çox vaxt sürücülər günahlandırılır, piyadalar isə məsuliyyətdən kənarda qalırlar. Bu isə məsuliyyətsiz piyadaların artmasına şərait yaradır. Piyadaların yol hərəkəti qaydalarını pozmasına görə cərimələr həm məbləğ baxımından azdır, həm də cərimələmə mexanizmi zəif işləyir. Piyadalar cərimələndikdən sonra belə, həmin cərimənin onlara çatdırılması ilə bağlı problemlər yaşanır. Bu sahədə ciddi addımlar atılmalıdır. Qayda pozan piyadalara tətbiq edilən cərimələrin məbləği artırılmalı, inzibati məsuliyyət gücləndirilməli və maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Piyada keçidləri yəni, istər yerüstü, istər yeraltı, istərsə də eyni səviyyəli keçidlər üzrə yenidən qiymətləndirmə aparılmalıdır. Xüsusilə qəfil döngələrdə və yoxuşlarda yerləşən eyni səviyyəli piyada keçidləri ləğv olunmalı, daha təhlükəsiz və görünən yerlərə köçürülməlidir ki, sürücü ilə piyada arasında vizual kontakt yaransın.
Piyada səkiləri mütləq şəkildə işıqlandırılmalıdır. Yeraltı və yerüstü keçidlərdəki eskalator və liftlər işlək vəziyyətə gətirilməli və vətəndaşların istifadəsinə verilməlidir.
Bundan əlavə, piyada keçidlərinə dair xəbərdaredici yol nişanlarının sayı artırılmalıdır. Hazırda bəzi məlumatverici nişanlar mövcuddur, lakin piyada keçidindən 150 metr əvvəl sürücünü qabaqcadan xəbərdar edəcək əlavə nişanların qoyulması vacibdir. Bu həm qanunvericilikdə mövcuddur, həm də sürət həddini göstərən nişanlarla birlikdə sürücünün vaxtında sürəti azaltmasına imkan yaradar. Bu gün biz daha çox insan yönümlü şəhərlərdən danışırıq, amma əslində diqqət piyada yönümlü şəhərlərin qurulmasına yönəldilməlidir. Təəssüf ki, bu istiqamət bir qədər unudulub. Bəli, müəyyən işlər görülür, amma piyadaların təhlükəsizliyi ilə bağlı daha ciddi və məqsədyönlü addımlar atılmalıdır. Yalnız bu halda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayını azaltmaq mümkün olacaq.
Səmayə Səftərova